Qızılca və məxmərəyə qarşı peyvənd vaxtında edilmədiyi halda qızlarımız hamiləlik vaxtı yoluxa bilirlər. Bu, çox ciddi təhlükə yaradır.
APA xəbər verir ki, bunu TƏBİB-in Tibbi xidmətlərin inkişafı departamentinin rəhbəri Yaqut Qarayeva deyib.
Onun sözlərinə görə, həkim hamiləliyin davam etdirilməsi və ya dayandırılması ilə bağlı ciddi problem qarşısında qalır:
“Təəssüf ki, bununla çox rastlaşırıq. Hamilə qadınlarımız bəzi virus xəstəliklərinə yoluxduqlarında bu, uşağa çox ciddi təsir edir, ürək və inkişaf qüsurlarına səbəb olur. Təəssüflə qeyd etmək istəyirəm ki, praktikamızda çətinliklə, bəzən süni mayalanma ilə hamilə qalan xanımlarımızın 3-4-cü ayında məxmərək xəstəliyinə yoluxduğuna şahidlik edirik. Bu zaman həkimlər hamiləliyi dayandırıb-dayandırmamaq kimi ciddi sual qarşısında qalırlar. Bu, həkimlər üçün də çox çətin vəziyyətdir. Çünki ədəbiyyat, elm deyir ki, uşaqda ciddi fəsadlar ola bilər. Digər tərəfdən isə çətinliklə başa gələn hamiləliyin dayandırılması ilə bağlı fikir söyləmək çətindir”.