Sentyabrda Azərbaycanda kommersiya banklarının xarici borclanması artıb

Sentyabrda Azərbaycanda kommersiya banklarının xarici borclanması artıb
# 02 noyabr 2015 08:42 (UTC +04:00)

Bakı. Musa Əhmədov – APA-Economics. Azərbaycanda fəaliyyət göstərən kommersiya bankların məcmu xarici öhdəliklərinin həcmi son bir ildə 1 722,8 mln. manat və ya 37,76% artaraq 2015-ci ilin oktyabrın 1-nə 6 285,2 mln. manat təşkil edib.

Azərbaycan Mərkəzi Bankından “APA-Economics”ə verilən məlumata görə, avqust ilə müqayisədə sentyabrda bankların xarici borclanması 39 mln. manat və ya 0,62% artıb.

Ümumiyyətlə, 2015-ci ilin yanvarı ilə müqayisədə fevralda bankların məcmu xarici öhdəliklərin həcmi 2 532,6 mln. manat və ya 51,31% artıb. Fevral ilə müqayisədə martda bankların məcmu xarici öhdəliklərin həcmi 130,1 mln. manat və ya 1,74%, mart ilə müqayisədə apreldə 207,6 mln. manat və ya 2,83%, aprel ilə müqayisədə mayda 148,4 mln. manat və ya 2,08%, may ilə müqayisədə iyunda 353 mln. və ya 5,06%, iyun ilə müqayisədə iyulda 67,7 mln. manat və ya 1,02%, iyul ilə müqayisədə avqustda 315,2 mln. manat və ya 4,8% azalıb.

Göründüyü kimi, fevralda bankların xarici öhdəliklərinin kəskin artımı baş verib. Aydındır ki, bankların xarici borclanmasında kəskin artıma əsasən fevralın 21-də Azərbaycan Mərkəzi Bankının manatın məzənnə korreksiyası ilə bağlı qərarı təsir edib. Amma martdan başlayaraq bankların borclanması azalmağa başlayıb. Amma sentyabrda kommersiya banklarının xarici öhdəliklərinin həcmi yenidən artıb.

Qeyd edək ki, bankların məcmu xarici aktivlərin həcmi 2015-ci ilin oktyabrın 1-nə 4 595,1 mln. manat təşkil edib ki, bu da 2014-ci ilin müvafiq dövrü ilə müqayisədə 1 697,1 mln. manat və ya 58,56% çoxdur. Məcmu xarici aktivlərin həcmində bu ilin avqust ayı ilə müqayisədə sentyabrda 152,5 mln. manat və ya 3,43%-lik artım baş verib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR