AYİB-in birinci vitse-prezidenti: "AYİB ilə Azərbaycan arasında əməkdaşlıq uğurla həyata keçirilir"

AYİB-in birinci vitse-prezidenti: "AYİB ilə Azərbaycan arasında əməkdaşlıq uğurla həyata keçirilir"
# 21 oktyabr 2015 14:53 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu – APA-Economics. İqtisadiyyat və sənaye naziri Şahin Mustafayev Azərbaycanda səfərdə olan Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) birinci vitse-prezidenti Fil Bennetti qəbul edib.

İqtisadiyyat və Sənaye Nazirliyindən “APA-Economics”ə verilən məlumata görə, görüşdə Ş. Mustafayev Azərbaycan iqtisadiyyatının şaxələndirilməsi, qeyri-neft sektorunun inkişafı, ölkəmizdə həyata keçirilməkdə olan iri layihələr, sahibkarlığın inkişafı, biznes və investisiya mühitinin daha da yaxşılaşdırılması sahəsində görülən işlər barədə məlumat verib.

Azərbaycanın beynəlxalq maliyyə institutları ilə uğurla əməkdaşlıq etdiyini qeyd edən Ş. Mustafayev ölkəmizlə AYİB arasındakı səmərəli əməkdaşlığın çoxşaxəli olduğunu, infrastruktur, enerji, banklara kredit xəttinin açılması və s. kimi sahələri əhatə etdiyini vurğulayıb. AYİB-lə əməkdaşlığın genişləndirilməsi istiqamətlərinə toxunan nazir korporativ idarəetmə, kənd təsərrüfatı üzrə kiçik və orta sahibkarlığa dəstək, göllərin təmizlənməsi və s. sahələrdə əməkdaşlığa dair fikirlərini bölüşüb.

Qeyd olunub ki, biznes mühitinin daha da yaxşılaşdırılması, sahibkarlığın inkişafı iqtisadiyyatın prioritet istiqamətlərindəndir. Dünya Bankı və Beynəlxalq Maliyyə Korporasiyası ilə əməkdaşlıq çərçivəsində bu sahədə bir sıra işlər görülür. Dövlət başçısının sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılmasına, lisenziyaların sayının kəskin azaldılması və prosedurların sadələşdirilməsinə dair qərarları bu sahənin inkişafına öz müsbət töhfəsini verəcək. AYİB-in kiçik və orta sahibkarlığın inkişafına maliyyə dəstəyi göstərməsi məqsədəuyğundur.

F. Bennett AYİB ilə Azərbaycan arasında uğurlu əməkdaşlığın həyata keçirildiyini, ölkə iqtisadiyyatının müxtəlif sahələrində bir sıra layihələrin icrasına maliyyə dəstəyi göstərildiyini qeyd edib. F.Bennett korporativ idarəetmənin genişləndirilməsi, kiçik və orta sahibkarlığın dəstəklənməsi, ətraf mühitin mühafizəsi və s. sahələri əməkdaşlıq üçün əsas sahələr kimi diqqətə çatdırıb.

Görüşdə həmçinin, Azərbaycan və AYİB arasında əlaqələrin genişləndirilməsi perspektivlərinə və qarşılıqlı maraq doğuran digər məsələlərə dair fikir mübadiləsi aparılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR