DGK: Kütləvi informasiya vasitələri məhsullarının yalnız alqı-satqısı ƏDV-dən azaddır

DGK: Kütləvi informasiya vasitələri məhsullarının yalnız alqı-satqısı ƏDV-dən azaddır
# 07 mart 2018 14:02 (UTC +04:00)

Dövlət Gömrük Komitəsi (DGK) kütləvi informasiya vasitələri məhsullarından qeyri-qanuni olaraq əlavə dəyər vergisinin (ƏDV) tələb edilməsi ilə bağlı "Qaya Mətbuat Yayımı" MMC-nin əməkdaşlarının Komitənin inzibati binasının qarşısında etiraz aksiyası keçirəcəyi barədə yayılan məlumatlara münasibət bildirib.

Dövlət Gömrük Komitəsi Mətbuat Xidmətindən "APA-Economics"ə bildirilib ki, "Qaya Mətbuat Yayımı" MMC 2016-cı ilin yanvar ayında idxal etdiyi qəzet, jurnal və digər kütləvi informasiya vasitələrinin ƏDV-nin tutulmasından azad edilməsi, Dövlət Gömrük Komitəsinin 01.01.2016-cı il tarixdən etibarən "Qaya Mətbuat Yayımı" MMC tərəfindən idxal olunan mallara görə ƏDV tutulması və tələb edilməsi barədə hərəkətlərinin qanunsuz hesab edilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edib.

"Həmin ilin iyul ayında 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsində keçirilən iclasda cəmiyyətin Azərbaycan Respublikasına idxal olunan mallara - qəzet, jurnal və digər kütləvi informasiya vasitələrinə görə ƏDV tutulması və tələb edilməsi barədə hərəkətlərinin qanunsuz hesab edilməsi barədə qərar çıxarılıb. 2016-cı ilin avqust ayında DGK tərəfindən Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasına həmin qərarın ləğv edilməsi və iddianın təmini barədə ərizənin rədd edilməsi barədə yeni qərar çıxarılması üçün apelyasiya şikayəti verilib. Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası 2016-cı ilin noyabr ayında DGK-nın apelyasiya şikayətini təmin edib.

Daha sonra iddiaçı "Qaya Mətbuat Yayımı" MMC tərəfindən Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının qərarından Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasına kasasiya şikayəti verilib. Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 29 mart 2017-ci il tarixli qərarı ilə iddiaçı "Qaya Mətbuat Yayımı" MMC-nin kasasiya şikayəti təmin edilməyib və Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının qərarı dəyişdirilmədən saxlanılıb", - deyə məlumatda vurğulanıb.

DGK-dən qeyd olunub ki, "Qaya Mətbuat Yayımı" MMC-nin direktoru Xanhüseyn Əliyevin Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 29 mart 2017-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin Plenumuna şikayət ərizəsi ilə müraciət edib. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin Plenumunun həmin şikayətə dair 22 dekabr 2017-ci il tarixli Qərardadına əsasən "Qaya Mətbuat Yayımı" Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru Xanhüseyn Əliyevin şikayəti üzrə konstitusiya işinin icraatına xitam verilib.

Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının Qərardadında hansı məhsul və xidmətlərin idxalı zamanı ƏDV-dən azad olunduğu ətraflı şəkildə izah olunub və bildirilib ki, hazırkı mübahisənin predmetini təşkil edən əməliyyatlara münasibətdə 164.1.7-ci yarımbənddə kütləvi informasiya vasitələri məhsullarının alqı-satqısının bütün növləri üzrə dövriyyələr, mətbu kütləvi informasiya vasitələri məhsulları istehsalı ilə bağlı redaksiya, nəşriyyat və poliqrafiya fəaliyyəti (reklam xidmətləri istisna olmaqla) göstərilməklə, kütləvi informasiya vasitələri məhsullarının yalnız alqı-satqısı ƏDV-dən azaddır.

"Məhkəmə kollegiyası hesab edir ki, Vergi Məcəlləsinin 164.1-ci maddəsinin alt bəndlərindən aparılmış dəqiqləşmə həmin Məcəllənin 3.9-cu maddəsində nəzərdə tutulmuş məqsədlərə xidmət edir və hazırkı mübahisəyə münasibətdə kütləvi informasiya vasitələri məhsullarının yalnız alqı-satqısını ƏDV-dən azad etməklə, habelə həmin malların idxalı zamanı əlavə dəyər vergisi ödənilməli olmasını istisna etməməklə kütləvi informasiya vasitələri məhsullarının idxalı əlavə dəyər vergisinə cəlb edilməlidir.

Göründüyü kimi ən ali məhkəmə instansiyaları belə DGK-nın hazırkı mübahisə predmetində haqlı olduğuna qərar verib. Qanunlara tabe olmaq isə hər bir qurumun və şəxsin başlıca vəzifələrindən biridir", - deyə məlumatda vurğulanıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR