Bank Of Baku

İbrahim Tatlısəsin durumu sabit ağırdır

İbrahim Tatlısəsin durumu sabit ağırdır
# 14 mart 2011 08:10 (UTC +04:00)
Bakı – APA. Martın 14-nə keçən gecə İstanbulda sui-qəsdə məruz qalan məşhur müğənni İbrahim Tatlısəsin vəziyyəti sabit ağır olaraq alır. APA-nın Türkiyə xəbər agentliklərinə istinadən verdiyi məlumata görə, həkimlər sənətçinin durumu haqqında ilk rəsmi açıqlama yayıblar. Onlar İ. Tatlısəsin həyatına təhlükənin davam etdiyini, lakin bu təhlükənin xəstəxanaya gətirildiyi vaxtla müqayisədə azaldığını və onun 24 saat yatızdırılacağını açıqlayıblar. İ. Tatlısəs başının sağ tərəfindən güllə yarası alıb. Gülə sağdan daxil olaraq ön tərəfdən çıxıb. Beyin sümüyündəki qırıqlar nəticəsində qanaxma yaranıb. Həkimlərin operativ müdaxiləsi ilə qanaxma dayandırılıb və beyindəki vəziyyət nəzarət altına alınıb.

İ. Tatlısəs martın 14-nə keçən gecə yerli vaxtla saat 00.30-da İstanbulun Şişli rayonunun Maslak məhəlləsindəki “Nurol Plaza”da yerləşən “Bəyaz TV”də “İbo şou” proqramının çəkilişlərini tamamlayaraq bayıra çıxıb avtomobilinə minərkən naməlum şəxslərin silahlı hücumuna məruz qalıb. O, başından, köməkçisi Buket Çakıcı isə çiynindən güllə yarası alıb. Atəşin içində 5 nəfərin (bəzi məlumatlara görə 3 nəfərin) olduğu “Linea” markalı qara avtomobildən – “Kalaşnikov” avtomatından açıldığı bildirilir. Polis ətrafdakı kameraların videoyazılarını araşdırır. Sui-qəsdi İ. Tatlısəsin İraqın şimalındakı (kürd bölgəsi) keçmiş iş ortaqlarının sifariş edə biləcəyi iddia edilir. Polis şimali İraqın kürd bölgəsindən gəldiyi güman olunan bu şəxsləri axtarır.

Qeyd edək ki, İ. Tatlısəs 1952-ci ildə Türkiyənin cənub-şərqindəki Şanlıurfa bölgəsində dünyaya gəlib. Atası ərəb, anası kürddür. Olduqca kasıb bir ailənin övladı olan İbo tikintilərdə dəmir ustası kimi çalışıb. Adanalı bir kino prodüseri inşaat meydançasında təsadüfən onun səsini duyub və İbrahimi kazinolarda səhnəyə çıxarıb. 1975-ci ildə ilk albomunu buraxan İbrahim bütün Türkiyədə tanınıb.

Müğənni daha əvvəl də sui-qəsdə məruz qalıb. O, 1990-cı ildə İstanbuldakı “Maksim” kazinosunda ayağından güllələnib. 1998-ci ildə isə İstanbulda onun avtomobilinə atəş açılıb. Lakin İ. Tatlısəs bu hadisə zamanı yara almayıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR