Dağ Yəhudiləri Dini İcmasına “Tövrat” hədiyyə olunması münasibətilə mərasim keçirilib

Dağ Yəhudiləri Dini İcmasına “Tövrat” hədiyyə olunması münasibətilə mərasim keçirilib
# 01 sentyabr 2016 11:01 (UTC +04:00)

Bakı. Məlahət Nəcəfova - APA. ABŞ-da yaşayan Mövsümovlar ailəsi tərəfindən Azərbaycandakı Dağ Yəhudiləri Dini İcmasına “Tövrat” hədiyyə olunub.

APA-nın məlumatına görə, bu münasibətlə Dağ Yəhudiləri Sinaqoqunda keçirilən mərasimdə Dini Qurumlarla iş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı, İsrailin Azərbaycandakı səfiri Dan Stav, Azərbaycanın ABŞ-dakı səfiri Elin Süleymanov, Azərbaycanda fəaliyyət göstərən müxtəlif dini icmaların rəhbərləri, ABŞ, Rusiya, Qırğızıstan və bir sıra digər ölkələrin səfirləri, millət vəkilləri və yəhudi icmasının nümayəndələri iştirak edib. Müqəddəs kitabın təntənəli şəkildə sinaqoqa gətirilməsi mərasimi keçirilib.

Tədbirdə çıxış edən Azərbaycandakı Dağ Yəhudiləri Dini İcmasının rəhbəri Milix Yevdayev və icmanın digər nümayəndələri hədiyyə üçün Mövsümövlar ailəsinə təşəkkür ediblər. Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı çıxışında Azərbaycandakı bütün dini konfessiyaların rəhbərlərinin “Tövrat”ın gətirilməsi mərasimində iştirak etdiklərinə diqqət çəkib: "İnanmıram ki, dünyanın hansısa bölgəsində belə ənənə olsun. Azərbaycan dünyəvi dövlət olaraq bütün konfessiyalara hörmətlə yanaşır. Bu, Azərbaycan xalqının tolerantlığının təzahürüdür. Yəhudilər Azərbaycanın ən qədim sakinlərindəndir”.

İsrailin Azərbaycandakı səfiri Dan Stav bugünün yəhudi xalqı üçün böyük əhəmiyyət kəsb etdiyini vurğulayıb. Onun sözlərinə görə, Azərbaycan multikulturalizm ölkəsi olaraq bütün dünyaya nümunə göstərir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR