Azərbaycanda kooperativ bazarların təşkilinə dair tələblər müəyyənləşib

Azərbaycanda kooperativ bazarların təşkilinə dair tələblər müəyyənləşib
# 18 may 2016 10:56 (UTC +04:00)

Bakı. Ramiz Mikayıloğlu - APA. Bu gün Milli Məclisin Aqrar siyasət komitəsinin iclasında “Kənd təsərrüfatı kooperasiyası haqqında” qanun layihəsi ikinci oxunuşda müzakirəyə çıxarılıb.

APA-nın məlumatına görə, Aqrar siyasət komitəsinin sədri Eldar İbrahimov deyib ki, qanun layihəsinə ikinci oxunuşda 6 yeni maddə əlavə edilib. İkinci oxunuşda qanun layihəsində artıq kənd təsərrüfatı kooperativlərinin 3 növü - istehsal, istehlak və istehsal-istehlak (qarışıq) kooperativləri əksini tapıb və onların fəaliyyət prinsiplərinə aydınlıq gətirilib. Kənd təsərrüfatı istehsalı kooperativi kənd təsərrüfatı məhsulları istehsalçıları olan fiziki şəxslərin gəlir əldə etmək məqsədi ilə şəxsi əməyi ilə iştirakına əsaslanan birgə istehsalat və digər təsərrüfat fəaliyyəti yerinə yetirmək üçün birləşməsi ilə yaradılan kommersiya hüquqi şəxsdir. İstehsal kooperativlərində işlərin ən azı 70 faizi kooperativ üzvləri tərəfindən yerinə yetirilməlidir. İstehsal kooperativində muzdlu işçilərin sayı kooperativin əsas üzvlərinin sayının 30 faizindən (mövsümi işlərə cəlb edilənlər istisna olmaqla) çox ola bilməz.

İstehlak kooperativi kənd təsərrüfatı məhsullarının istehsalçıları olan fiziki və ya hüquqi şəxslərin kənd təsərrüfatı sahəsində fəaliyyəti dövründə üzvlərinin xərclərinin azalmasına və gəlirlərinin artmasına, onların iqtisadi maraqlarının müdafiəsinə yönəlmiş xidmətlərin təşkili üçün birləşməsi yolu ilə yaradılan qeyri-kommersiya hüquqi şəxsdir. İstehsal-istehlak (qarışıq) kooperativ kənd təsərrüfatı məhsullarının istehsalı, tədarükü, emalı və satışı ilə bağlı birgə təsərrüfat fəaliyyətini həyata keçirmək, üzvləri istehsal vasitələri və maddi-texniki resurslarla təmin etmək, onlara iqtisadi, sosial və digər tələblərini ödəmək məqsədi ilə xidmətlər göstərmək üçün yaradılan kommersiya hüquqi şəxsdir.

Qanun layihəsinin ikinci oxunuşunda dövlətin kənd təsərrüfatı kooperasiyası sahəsində vəzifələri də artırılıb. Bu vəzifələrə dövlət ehtiyacları üçün hər il kooperativlərdən kənd təsərrüfatı və ərzaq məhsullarının dövlət tədarükünə dair sifarişlər müəyyən etmək və şəhər əhalisinin kənd təsərrüfatı məhsullarına olan ehtiyacının etibarlı ödənilməsi üçün şəhər və kənd bələdiyyələri və onların ittifaqları arasında kənd təsərrüfatı məhsullarının satışı üzrə əməkdaşlığın genişləndirilməsi daxildir. Bələdiyyələr qarşısında da yeni vəzifələr müəyyən edilib. Bələdiyyələr kooperativin müraciəti əsasında kooperativ bazarların tikintisi üçün torpaq ayırmalı, yarmarkaların təşkili üçün yer verməli, mövcud kənd təsərrüfatı bazarlarında kooperativlərə satış yerlərinin ayrılmasında iştirak etməlidir.

Qanun layihəsinin ikinci oxunuşunda kooperativ bazarların təşkili barədə maddə də əlavə edilib. Kooperativlərin səmərəli fəaliyyətini təmin etmək üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada kooperativ bazarlar təşkil ediləcək. Kooperativ bazarlar kənd təsərrüfatı məhsullarının satışı (ticarəti) ilə məşğul ola istehlak kooperativlərinin nəzdində və onların idarəçiliyi altında fəaliyyət göstərəcək. Kooperativ bazarların yaradılması və onlara torpaq ayrılmasını müvafiq icra hakimiyyəti orqanları və bələdiyyələr həyata keçirəcəklər. Kooperativ bazarlarda Azərbaycanda fəaliyyət göstərən kooperativlərin istehsal etdiyi kənd təsərrüfatı və emal məhsullarından başqa digər məhsulların satışına, habelə kənd təsərrüfatı məhsullarının istehsalçısı olmayan digər fiziki və hüquqi şəxslərin satış etməsinə yol verilməyəcək.

E. İbrahimov bildirib ki, Azərbaycanda kənd təsərrüfatı sahəsində kooperativlərin yaradılması könüllüdür.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR