Şahin Mustafayev Türkiyənin gömrük və ticarət naziri ilə görüşüb

Şahin Mustafayev Türkiyənin gömrük və ticarət naziri ilə görüşüb
# 03 oktyabr 2015 09:47 (UTC +04:00)

Bakı. Yeganə Laçınzadə - APA-Economics. İqtisadiyyat və sənaye naziri Şahin Mustafayev Azərbaycanda səfərdə olan Türkiyə Respublikasının gömrük və ticarət naziri Cenap Aşçı ilə görüşüb.

Nazirlikdən “APA-Economics”ə verilən xəbərə görə, görüşdə nazir Şahin Mustafayev dövlət başçılarının siyasi iradəsi nəticəsində Azərbaycan və Türkiyə arasında siyasi və iqtisadi əlaqələrin strateji əməkdaşlıq səviyyəsinə yüksəldiyini, əlaqələrin uğurla inkişaf etdiyini vurğulayıb.

Qeyd edilib ki, ölkələrimiz arasında enerji sahəsində uğurlu əməkdaşlıq həyata keçirilir və Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Qars, Cənub Qaz Dəhlizi kimi strateji layihələr uğurlu əməkdaşlığı şərtləndirən başlıca amillərdəndir. Hazırda Azərbaycanda 2600-dən çox türk şirkəti, Türkiyədə isə 1600-ə yaxın Azərbaycan şirkəti uğurla fəaliyyət göstərir. Ölkələrimiz arasında qarşılıqlı investisiya qoyuluşları həyata keçirilir. 2020-ci ilədək Türkiyəyə yatırılacaq investisiyaların 17-20 mlrd. dollara çatdırılması nəzərdə tutulur. Türkiyə Azərbaycanın əsas ticarət tərəfdaşlarındandır.

Şahin Mustafayev əməkdaşlığın inkişafı üçün geniş imkanların olduğunu diqqətə çatdırıb. Azərbaycan iqtisadiyyatı barədə məlumat verən iqtisadiyyat və sənaye naziri qeyri-neft sektorunun ölkə iqtisadiyyatının prioritet sahəsi olduğunu vurğulamış, bu sahənin ÜDM-də payının artdığını qeyd edib.

Türkiyənin gömrük və ticarət naziri Cenap Aşçı Azərbaycana səfərindən məmnunluğunu ifadə edib, uğurla davam edən Azərbaycan-Türkiyə əlaqələrinin daha da genişləndirilməsi üçün böyük iqtisadi potensialın olduğunu vurğulayıb. Türkiyənin Bakı-Tbilisi-Qars boru kəməri layihəsinə mühüm əhəmiyyət verdiyini qeyd edən Cenap Aşçı bu layihənin ölkələrimiz arasında əlaqələrin daha da inkişafına töhfə verəcəyini bildirib, müxtəlif sahələrdə, o cümlədən gömrük sahəsində əməkdaşlıq perspektivlərinə dair fikirlərini bölüşüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR