Moskva vilayətində beynəlxalq musiqi festivalı çərçivəsində Azərbaycan günü keçirilib

Moskva vilayətində beynəlxalq musiqi festivalı çərçivəsində Azərbaycan günü keçirilib
# 23 iyun 2016 11:32 (UTC +04:00)

Moskva. Fərid Əkbərov - APA. Azərbaycanın xalq artisti, tanınmış pianoçu Murad Hüseynov və əməkdar artist, Rusiya Böyük Teatrının ("Bolşoy Teatr") solisti Elçin Əzizov Moskva vilayətinin Klin şəhərində keçirilən Çaykovski adına II Beynəlxalq Musiqi Festivalı çərçivəsində təşkil olunmuş Azərbaycan günündə çıxış ediblər.

APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, “Vokal musiqisi axşamı” adlı konsert Heydər Əliyev Fondunun Rusiya nümayəndəliyinin təşəbbüsü ilə təşkil edilib.

Çaykovski Dövlət Qoruq-Muzeyinin kamera salonunda baş tutan konsertdən əvvəl Moskva vilayəti qubernatorunun mədəniyyət məsələləri üzrə müşaviri Nərmin Şirəliyeva çıxış edib. O, festivalın azərbaycanlı qonaqlarını təqdim edərək onların yaradıcılığı barədə məlumat verib.

Azərbaycanın Rusiyadakı səfirliyinin müşaviri Vüqar İmaməliyev isə çıxışında iki ölkə arasında bütün istiqamətlərdə, xüsusilə humanitar sahədə əlaqələrin inkişaf etdiyini, Azərbaycan klassik musiqi nümunələrinin dünyanın ən mötəbər konsert səhnələrindən səsləndiyini söyləyib.

Konsertdə Azərbaycan, rus və Avropa bəstəkarlarının sevilən əsərləri səslənib. Azərbaycan vokal sənəti ulduzlarının iştirakı ilə konsert böyük uğurla keçib.

Konsertin tamaşaçıları arasında olan Klin bələdiyyə rayonunun başçısı Alyona Sokolskaya Azərbaycan səhnə ustalarının çıxışını Klin şəhəri üçün mühüm mədəni hadisə adlandırıb: “Konsert gözlədiyimizdən də uğurlu keçdi. Murad Hüseynov və Elçin Əzizovun ifaları yüksək səviyyədə idi. Elə tamaşaçıların alqışları da bunu təsdiq etdi. Bu konsertdən sonra tamaşaçılarda da, elə mənim özümdə də Azərbaycana getmək, Azərbaycan mədəniyyətini daha dərindən öyrənmək arzusu yarandı. Düşünürəm ki, birgə musiqi gecələri və festivalları təşkil etməyimiz xalqlarımızın daha da yaxınlaşmasına kömək edəcək”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR