Mərkəzi Bank bank və BOKT-lara istehlak kreditləşməsində faiz "tavanı" tətbiq etməyi tövsiyə edib

Mərkəzi Bank bank və BOKT-lara istehlak kreditləşməsində faiz "tavanı" tətbiq etməyi tövsiyə edib
# 15 iyul 2015 12:24 (UTC +04:00)

Tövsiyəyə uyğun olaraq, bank və BOKT-lar kreditləşmə siyasətinə yenidən baxmağa başlayıb

Bakı - APA-Economics. Azərbaycan Mərkəzi Bankının (AMB) rəhbərliyi kredit təşkilatları tərəfindən verilən istehlak kreditlərinin faizlərinin aşağı salınması istiqamətində bank və bank olmayan kredit təşkilatlarının (BOKT) rəhbər şəxslərinə növbəti tövsiyələrini verib.

Bank sektorundakı mənbənin "APA-Economics"ə verdiyi xəbərə görə, AMB rəhbərliyi bankirlərə istehlak kreditləri üzrə faizlərə 29% səviyyəsində "tavan"ın tətbiq olunmasını tövsiyə edib. Başqa sözlə, bank sektorunun tənzimləyicisi bank və BOKT-lara istehlak kreditlərini maksimum 29%-lə müştərilərə verməyi tövsiyə edib.

Mənbə bildirir ki, artıq tövsiyələrə uyğun olaraq, banklar və BOKT-lar kreditləşmə siyasətinə yenidən baxmağa başlayıb. Belə ki, kredit təşkilatlarında faizlərin yenidən hesablanması ilə məşğul olan komissiyalar yaradılır.

Məlumatda qeyd edilir ki, Mərkəzi Bankın bu tövsiyəsi daha çox BOKT-ların fəaliyyətinə mənfi təsir edəcək. Heç kəsə sirr deyil ki, BOKT-ların müştərilərə verdiyi istehlak kreditləri üzrə faiz dərəcələri təqribən 35% civarındadır.

Bununla yanaşı, bir çox banklar da kreditləşməni 30%-ə yaxın faiz dərəcələri ilə həyata keçirir.

Beləliklə, kredit təşkilatları tənzimləyicinin verdiyi tövsiyələrə əməl etsələr, onların gəlirliliyi kəskin azalacaq.

Xatırladaq ki, Mərkəzi Bankın sədri Elman Rüstəmovun iyulun 9-da bank rəhbərləri ilə görüş keçirib.

Görüşdə bank sektorunun bir sıra aktual məsələləri, o cümlədən maliyyə xidmətlərinə çıxış, faiz dərəcələri və məsuliyyətli kreditləşmə ətraflı müzakirə olunub. Mərkəzi Bank rəhbəri bankların kreditləşdirmə, xüsusilə fiziki şəxslərin kreditləşdirilməsi ilə əlaqədar sosial məsuliyyətinin gücləndirilməsi, kredit siyasətlərinin ölkənin iqtisadi inkişaf prioritetlərini və hədəflərini nəzərə almasının daim diqqətlərinə çatdırılmasına baxmayaraq, kredit faizləri və onunla əlaqəli digər xidmət haqlarının azaldılması templərinin qaneedici olmaması ilə bağlı mövqeyini banklara bildirib, hər istiqamət üzrə konkret tapşırıqlarını verib. O, bildirib ki, banklar qeyd olunan istiqamətlərdə bütün imkanlardan və resurslardan istifadə etməlidir.

Onun sözlərinə görə, istehlak kreditləşməsi zamanı komisyon haqlarının 1%-lə məhdudlaşmasının kreditlər üzrə real effektiv faiz dərəcəsini əhəmiyyətli azaldacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR