Vüsal Eynullayev: "Bank of Baku" müştəriləri üçün çox etibarlı və dayanıqlı tərəfdaş olduğunu sübut etdi" - MÜSAHİBƏ

Vüsal Eynullayev: "Bank of Baku" müştəriləri üçün çox etibarlı və dayanıqlı tərəfdaş olduğunu sübut etdi" - <span style="color: red;">MÜSAHİBƏ
# 03 iyun 2016 12:49 (UTC +04:00)

Bakı. Musa Əhmədov - APA-Economics. “Bank of Baku” ASC-nin İdarə Heyəti sədrinin müavini Vüsal Eynullayevin "APA-Economics"ə müsahibəsi:

- Bir neçə gün bundan öncə “Bank of Baku” 2015-ci ilin audit olunmuş maliyyə nəticələrini açıqladı. Vüsal bəy, ümumi nəticələrlə bağlı istərdik ki, qısaca olaraq fikrinizi bildirəsiniz.

- Bəli, qeyd etdiyiniz kimi, bir neçə gün bundan əvvəl Bankımız keçən ilin nəticələrini artıq öz internet səhifəsində yerləşdirərək geniş ictimaiyyətə açıqlayıb. Bildiyiniz kimi, 2015-ci il maliyyə bazarında milli valyutamızın iki dəfə devalvasiyaya uğraması ilə yadda qalıb. Əlbəttə ki, bu hadisənin mənfi təsirləri öz növbəsində əhalinin və biznes subyektlərinin fəaliyyətindən yan keçməyib. Biz də mümkün olan bütün çətinliklərin qarşısını almaq məqsədilə, ola biləcək zərərlərin ödənilməsi üçün ayırdığımız əlavə ehtiyatlara görə ili zərərlə başa vurmuşuq. İlkin olaraq neqativ səslənsə də, “zərərin” başlıca səbəbi ehtiyat xərclərimizi artırmağımız olub ki, bu xərclərin də lazımi səviyyədə tanınması Bankın dayanıqlılığının və şəffaflığının göstəricisidir. Məlumat üçün bildirim ki, 2015-ci ildə, beynəlxalq maliyyə hesabatları standartlarına görə bankın xərcləri hesabına 106 milyonluq manat əlavə ehtiyat yaratmışıq. Müqayisə üçün deyim ki, 2014-cü ildə bu məbləğ cəmi 37 milyon manat təşkil edib.

Onu da qeyd edim ki, Bankın kənar auditoru ilin maliyyə nəticələrinə şərtsiz müsbət rəy verib.

- Mövcud iqtisadi vəziyyətdə “Bank of Baku”nun fəaliyyət istiqamətində hansı dəyişikliklərin olacağı gözlənilir?

- Hal-hazırda, hamımız ümumi makro iqtisadi amillərin gündəlik olaraq dəyişdiyinin şahidi oluruq. Sirr deyil ki, bu amillər ölkədaxili proseslərdə də öz əksini tapır. İnanırıq ki, son zamanlar ölkəmizdə aparılan iqtisadi islahatlar ölkə iqtisadiyyatının qısa bir zamanda canlanmasına və bank sektorunun yenidən dirçəlməsinə səbəb olacaq. Bankımızla bağlı bunu deyə bilərəm ki, “Bank of Baku” keçən ilin ortalarından etibarən öz uzunmüddətli strategiyasını yenidən nəzərdən keçirib və sırf istehlak kreditləri bazarına yönəlmiş lider bank olmaqla yanaşı, universal bir bank olmaq üçün xidmət dairəsini və eyni zamanda fəaliyyət istiqamətini genişləndirməyə başlayıb. Cari olaraq, Bank həmçinin alternativ gəlir mənbələri gətirən layihələr üzərində aktiv olaraq çalışır, faiz və əməliyyat xərclərinin optimallaşdırılması üçün tədbirlər planı üzrə müvafiq addımları icra edir. Belə ki, keçən ilin eyni dövrü ilə müqayisədə Bankın əməliyyat xərcləri 35%-ə yaxın, faiz xərcləri isə 30%-ə yaxın azaldılıb.

- Hal-hazırda bankın maliyyə durumunu necə qiymətləndirirsiniz?

- Mən, 2015-ci ili və ötən ayları banklarımız üçün sınaq dövrü olaraq görürəm. Biz bu dövrdə, “Bank of Baku” olaraq, öz müştərilərimiz və ümumilikdə bank sistemi üçün çox etibarlı və dayanıqlı tərəfdaş olduğumuzu sübut etdik. Bir çox bankların likvidlik problemi yaşadığı zamanda biz heç bir əmanətçimiz və korporativ müştərimizi çətin vəziyyətdə qoymadıq, bütün yerli və xarici investorların qarşısında götürdüyümüz öhdəlikləri vaxtı-vaxtında və tam şəkildə icra etdik. Bank, bu gün də, maliyyə nöqteyi-nəzərdən dayanıqlı və sağlamdır. Hazırda likvid aktivlərimizin ümumi aktivlərə nisbəti 20% civarındadır, likvidlik əmsalımız tənzimləyicinin minimum tələbini təqribən 10 dəfədən artıq üstələyir. Kapital adekvatlığı əmsalımız tənzimləyicinin minimum 10% tələbinə qarşı 19%-ə yaxındır. Həmçinin bu günə ayırdığımız ehtiyatlar 90 gündən artıq gecikən kreditlərin ümumi məbləğinin 100%-dən çoxdur.

- Son günlərdə bir çox banklar manatla kreditləşməni bərpa edib. “Bank of Baku”da bununla bağlı vəziyyət necədir?

- Biz 1 aydan artıqdır ki, manatla biznes və istehlak kreditlərini bərpa etmişik, lakin mövcud iqtisadi durumu və tənzimləyicinin yeni məsuliyyətli kreditləşmə ilə bağlı prinsiplərini nəzərə alaraq biz kreditlərin verilməsində daha ehtiyatlı və təmkinli olmağa üstünlük veririk.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR