Bəhruz Məhərrəmov: “Avropa Parlamenti özünü Ermənistan Parlamenti kimi aparmamalıdır”

Bəhruz Məhərrəmov

© APA | Bəhruz Məhərrəmov

# 20 iyul 2022 16:25 (UTC +04:00)

“Prezident İlham Əliyevin ötən gün Avropa Parlamentinin Xarici Əlaqələr Komitəsinin nümayəndə heyətini qəbul edərkən giriş nitqi Avroparlament üçün sözün əsl mənasında gözlənilməz dərs oldu”.

Bunu APA-ya açıqlamasında Milli Məclisin deputatı Bəhruz Məhərrəmov deyib.

Bəhruz Məhərrəmov bildirib ki, Prezidentin də dediyi kimi, təşkilat nümayəndələri ilə sonuncu dəfə beş il əvvəl görüşsə də, bu müddət ərzində Avropa Parlamenti ilə Azərbaycan arasında münasibətlərdə hansısa irəliləyiş olmayıb, əksinə, Avropa Parlamenti Azərbaycana münasibətdə davamlı olaraq kəskin və qərəzli mövqe sərgiləyib:

“Dövlət başçısı da məhz bu mənada obrazlı olaraq qeyd etdi ki, bu qərəzli qətnamələri sanki Avropa yox, Ermənistan Parlamenti qəbul edir. Reallıqda da həqiqətən, Azərbaycanda qoca qitə ilə istər institutsional, istərsə də ikitərəfli münasibətlərdə nəinki problem yoxdur, əksinə, hətta, Avropa İttifaqı və Azərbaycan arasında çox yüksək səviyyəli əlaqələr mövcuddur. Elə ötən gün Avropa Komissiyasının Prezidentinin Azərbaycana çox uğurlu bir səfəri baş tutdu. Von der Leyen Azərbaycanı etibarlı tərəfdaş kimi səciyyələndirdi və tərəflər arasında enerji sahəsində strateji tərəfdaşlığa dair Anlaşma Memorandumunun imzalandı. Yəni Avropa İttifaqı İlham Əliyevin şəxsini və Azərbaycanı qitənin enerji təhlükəsizliyinin etibarlı təminatçısı kimi qəbul edir. Eyni zamanda Avropa İttifaqı Şurası Azərbaycana bölgədə sülh və sabitliyin qarantı kimi yanaşır və şəxsən Prezident Şarl Mişel Azərbaycan Prezidentinin yaratdığı yeni reallığın şərtləri daxilində sülh və sabitliyin bərqərar olması, Azərbaycan və Ermənistan arasında yekun sülhə nail olmaq istiqamətində ciddi səylər göstərir. Üstəlik, Şarl Mişelin səyləri ilə həyata keçirilən Brüssel prosesi 30 il ərzində təcrübədə tətbiq olunan diplomatik prosesləri içində hələ ki, ən effektiv olanı təsiri bağışlamaqdadır. Amma təəssüf ki, Avropa Parlamenti Avropa İttifaqı Şurası və Avropa Komissiyasından fərqli olaraq İttifaq mənafeləri və ilk növbədə Avropa xalqlarının maraqlarını heçə sayaraq tamamilə əks qütbə çəkilib qərəz, kin və nifrət yuvasına çevrilməyi üstün tutub. Təsəvvür edin, Avropa Komissiyasının prezidenti Ursula Von der Leyen Bakıda mətbuata bəyanat verir ki, Azərbaycanda minalardan təmizləmə sahəsində ən böyük donoruq, Avropa Parlamentindən bir nəfər özünə sual vermir ki, Azərbaycanın ərazisində bu qədər minanı kim basdırıb? Demirlər, çünki əks halda müdafiə etdikləri Ermənistanı terror dövləti kimi, beynəlxalq humanitar hüququn kobud pozucusu kimi tanımalı olacaqlar”.

Deputat nəzərə çatdırıb ki, Avropa İttifaqı və Avropa Komissiyasının Azərbaycanla çox effektiv münasibətləri fonunda Avropa Parlamentinin özünü təcavüzkar Ermənistanın Parlamenti kimi aparması bütövlükdə Avropa məkanı üçün təhdiddir:

“Prezident İlham Əliyevin də məhz bu detalları Avropa Parlamentinin nümayəndələrinə birbaşa və açıq şəkildə, həm də ictimai formada bəyan etməsi, avroparlamentariləri fakt qarşısında qoyaraq nə qədər haqsız durumda olduqları reallığını ortaya çıxardı. Təsadüfi deyil ki, Prezident İlham Əliyevin qəbulunda dövlət başçımızın sərt tənqidindən sonra Avropa Parlamentinin Xarici Əlaqələr Komitəsinin sədri Devid MakAlister qeyd etməli oldu ki, Bakıya gəlişləri Avropa İttifaqı ilə Azərbaycan arasında münasibətlərə verdiyimiz əhəmiyyətin göstəricisidir. Gördüyünüz kimi, nümayəndə heyəti təmsil etdiyi Avropa Parlamentinin qərəzli mövqeyini anlayaraq öz qurumunun ayrıca adını çəkmir. Bu, eyni zamanda həm də Avropa Parlamentinin Xarici əlaqələr komitəsindən bir etiraf kimi qiymətləndirilməlidir. Yəni Avropa məkanı ilə Azərbaycan münasibətləri üçün daha vacib olan platforma Avropa Parlamenti yox, məhz bütövlükdə Avropa İttifaqıdır. Azərbaycanla Avropa İttifaqı arasında isə yüksələn xətt üzrə inkişaf edən siyasi və iqtisadi əlaqələr mövcuddur. Bu aspektdə Avropa Parlamenti Azərbaycan-Avropa İttifaqı münasibətlərinin inkişafında problemə çevrilməməlidir, əksinə, bu münasibətlərin inkişafına töhfə verməlidir. Avropa Parlamenti özünü Ermənistan Parlamenti kimi aparmamalıdır”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR