“Avropa İttifaqı Şurasının prezidenti Donald Tuskun Azərbaycana səfəri İttifaqla Azərbaycan arasında əlaqələrin inkişafının göstəricisi idi”.
APA-nın xəbərinə görə, bunu Avropa İttifaqının Azərbaycandakı Nümayəndəliyinin rəhbəri Kestutis Yankauskas deyib.
Səfir bildirib ki, Aİ və Azərbaycan arasında əməkdaşlığın müsbət dinamikası var: “Biz bu dinamikadan razıyıq. Biz yeni saziş üzrə danışıqların son mərhələsindəyik. Aviasiyaya dair saziş üzrə də yeni irəliləyişlərə nail olmuşuq. Cənub Qaz dəhlizi layihəsi uğurla irəliləyir”.
K. Yankauskas qeyd edib ki, Azərbaycanla bütün sahələrdə əməkdaşlıq həyata keçirilir.
“Donald Tusk ölkənizə səfəri zamanı Azərbaycanın ərazi bütövlüyünə dəstəyini ifadə etdi. Azərbaycan Prezidenti İlham Əliyev və Donald Tusk arasında görüş çox yaxşı və konstruktiv şəraitdə keçdi”, - diplomat qeyd edib.