Türkiyəli şərhçi: Şuşa Bəyannaməsi Türkiyənin Azərbaycanın ərazi bütövlüyü və müstəqilliyini qorumaq əzminin göstəricisidir

Türkiyəli şərhçi: Şuşa Bəyannaməsi Türkiyənin Azərbaycanın ərazi bütövlüyü və müstəqilliyini qorumaq əzminin göstəricisidir
# 15 iyun 2024 15:57 (UTC +04:00)

Şuşa Bəyannaməsinin imzalanması Türkiyənin Azərbaycanın ərazi bütövlüyünü və müstəqilliyini qorumaq əzminin göstəricisidir.

Bunu APA-nın Türkiyə müxbirinə açıqlamasında xarici siyasət üzrə şərhçi, Dr. Esra Karahindiba bildirib.

O qeyd edib ki, Türkiyə tarix boyu Ermənistan və digər təhdidlərə qarşı həmişə Azərbaycanın yanında olub, dost və qardaş ölkəsinə dəstəyini hər zaman açıq şəkildə nümayiş etdirib. Bununla yanaşı, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Azərbaycan Prezidenti İlham Əliyev arasında möhkəm dostluq münasibətləri iki ölkənin strateji əməkdaşlığını və həmrəyliyini daha da gücləndirib.

“Bu bəyannamənin növbəti ildönümü Türkiyənin Azərbaycana sarsılmaz dəstəyini bir daha təsdiqləyir. Bu müttəfiqlik regionda dost və qardaş ölkələr arasında ən güclü nümunələrdən biri kimi önə çıxır. Azərbaycan və Türkiyə arasında strateji tərəfdaşlıq təkcə iki ölkə üçün deyil, həm də regional sülh və sabitlik baxımından böyük əhəmiyyət kəsb edir. Şuşa Bəyannaməsi iki ölkənin hərbi və siyasi sahədə əməkdaşlığını dərinləşdirməklə regional təhlükəsizlik və inkişafın qarantına çevrildi. Bu ittifaq digər ölkələr üçün dostluğun və həmrəyliyin nə qədər güclü ola biləcəyini göstərir”, - deyə o bildirib.

Esra Karahindiba onu da əlavə edib ki, Türk Dövlətləri Təşkilatının “Türk dünyasına baxış - 2040” çərçivəsində Azərbaycan və Türkiyə arasında hərbi təhlükəsizlik alyansı digər türk dövlətləri arasında ikitərəfli və çoxtərəfli əməkdaşlıq modelinin əsasını təşkil edə bilər:

“Bu kontekstdə Şuşa Bəyannaməsi TDT-nin hərtərəfli təhlükəsizlik təşkilatına çevrilməsində mühüm nümunə rolu oynayır. Gələcəkdə regional və qlobal təhdidlərə qarşı ortaq müdafiə mexanizmi yaratmaqla bütün üzv dövlətlərin təhlükəsizliyini və sabitliyini təmin etmək üçün türk dövlətləri arasında hərbi və təhlükəsizlik sahəsində əməkdaşlıq inkişaf etdirilə bilər. Bu baxış türk dünyasının vahid və güclü təhlükəsizlik şəbəkəsinə sahib olmasına yol açacaq”.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR