Bakı – APA. Misir məhkəməsi “Müsəlman Qardaşları”nın 12 üzvü haqda edam hökmü çıxarıb.
APA-nın “Russia Today”-a istinadən verdiyi xəbərə görə, barələrində ölüm hökmü çıxarılan şəxslər ötən il baş verən qarşıdurmalar zamanı Giza şəhərinin polis rəisinin müavini Nəbil Fəracı qətlə yetirməkdə ittiham olunurlar.
Qeyd edək ki, Misir məhkəməsi “Müsəlman qardaşları” hərəkatının yüzlərlə üzvü, o cümlədən hərəkatın lideri Məhəmməd Bedii barəsində də ölüm hökmü çıxarıb.
“Müsəlman qardaşları”nın liderlərindən biri, Misirin hazırda həbsdə olan sabiq prezidenti Məhəmməd Mursi haqqında məhkəmə qərarı hələlik açıqlanmayıb.