Bakı-APA. "Əl-Qaidə” Burkina-Fasonun paytaxtı Uaqaduquda hotelə hücuma görə məsuliyyəti öz üzərinə götürüb.
APA-nın məlumatına görə, hücum “İslam Maqrib dövlətlərində Əl-Qaidə Təşkilatı” tərəfindən təşkil olunub.
Yanvarın 15-də naməlum silahlılar Burkina- Fasonun paytaxtındakı “Splendid” hotelinə hücum edib. Dəqiqləşdirilməmiş məlumatlara görə, hadisə nəticəsində ölən və girov götürülənlər var.
Hoteldə adətən əcnəbi vətəndaşlar, beynəlxalq təşkilatların nümayəndələrinin qaldığı qeyd olunur. Fransa və Rusiyanın Burkina-Fasodakı diplomatik missiyaları insidentin terror aktı olmasını təsdiqləyiblər.
Xatırladaq ki, ötən il noyabrın 20-də Malinin paytaxtı Bamakoda “Radisson Blu” hotelində terrorçular tərəfindən ümumilikdə 170 nəfər girov götürülmüşdü. “İslam Maqrib dövlətlərində Əl-Qaidə Təşkilatı”nın üzərinə götürdüyü hadisə nəticəsində 27 nəfər həyatını itirmişdi.
***
00:56
Bakı-APA. Burkina-Fasonun paytaxtı Uaqaduquda bir neçə partlayış baş verib, şəhərdə atışma səsləri eşidilir.
APA-nın TASS agentliyinə istinadən verdiyi məlumata görə, hadisə BMT əməkdaşlarının yerləşdirildiyi “Splendid” hotelində qeydə alınıb.
Hoteldə əsasən əcnəbi vətəndaşların qaldığı bildirilir. İnsidentin digər təfərrüatları hələ ki, məlum deyil.