Afrikada yerləşən Cibuti qonşu Eritreyanı işğalda ittiham edib. APA-nın “Reuters”ə istinadən verdiyi məlumata görə, bu barədə ölkənin xarici işlər naziri Mahmud Əli Yusif bəyanatla çıxış edib. O bildirib ki, bu hadisə Qətərin iyunun 12-13-də bu regiondan öz sülhməramlılarını çıxarmasından sonra baş verib. “Bu BMT qətnamələrinin pozulması deməkdir”, -deyə nazir bildirib.
Qeyd edək ki, Cibuti rəsmi Doha ilə diplomatik əlaqələrin səviyyəsinin aşağı salınması ilə bağlı qərarını açıqladıqdan sonra Qətər öz sülhməramlılarını Cibuti-Eritreya sərhədindən geri çəkib.
İki Afrika ölkəsi arasında ərazi problemi 2008-ci ildə başlayıb. Onun aktiv fazası iyunun 10-dan 13-nə kimi davam edib. Tərəflər atəşkəs elan edəndən sonra mübahisəli ərazidə Eritreya qoşunları yerləşdirilib və 2010-cı ilə onları Qətər sülhməramlıları əvəzləyib.