Malidə silahlıların hücumu nəticəsində 9 BMT sülhməramlısı yaralanıb.
APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, yaralılardan 4-ün vəziyyəti ağır kimi qiymətləndirilir. Onlar paytaxt Bamakoya çatdırılaraq xəstəxanaya yerləşdiriliblər.
Naməlum silahlılar Timbuktu şəhərində BMT missiyasının hərbi düşərgəsini minaatanlardan atəşə tutub. Düşərgə ərazisinə azı 6 mərminin düşdüyü bildirilir.
Qeyd edək ki, aprelin 30-da Fransa hərbçiləri Mali - Burkina-Faso sərhədində meşədə gizlənən 20-dən çox silahlını məhv edib.
Təhlükəsizlik Şurasının qərarı ilə Malidə BMT-nin 12 minlik sülhməramlı missiyası (MINUSMA) fəaliyyət göstərir. Həmçinin ölkədə Fransa ordusunun 4 minlik kontingenti yerləşdirilib