Azərbaycan prezidenti Şabranı içməli su ilə təmin edəcək su xətti və kanalizasiya şəbəkəsinin açılışında iştirak edib

Azərbaycan prezidenti Şabranı içməli su ilə təmin edəcək su xətti və kanalizasiya şəbəkəsinin açılışında iştirak edib
# 19 iyul 2013 17:32 (UTC +04:00)

APA-nın məlumatına görə, dövlət başçısı əvvəlcə “Qurtuluş” parkında rayon ictimaiyyətinin nümayəndələri ilə görüşüb, su kəmərinin çəkilişi münasibətilə şabranlıları təbrik edib.

Sonra Azərbaycan prezidenti videoçarx və stendlər vasitəsilə milli su təchizatı və kanalizasiya xidmətləri üzrə ikinci layihə çərçivəsində Şabranda həyata keçirilən tədbirlərlə tanış olub.

“Meliorasiya və Su Təsərrüfatı” ASC-nin sədri Əhməd Əhmədzadə dövlət başçısına bildirib ki, Şabran rayon mərkəzinin 29 min 659 nəfərlik əhalisini içməli su ilə təmin etmək üçün layihəyə əsasən su mənbəyi kimi ikinci Bakı su kəməri nəzərdə tutulmuşdur. Bu məqsədlə 134 min 800 metrlik su xəttinin və 122 min 700 metr kanalizasiya xəttinin çəkilməsi, 100 kubmetrlik sutəmizləyici qurğunun nasos stansiyası ilə birlikdə tikintisi, 2 min kubmetrlik su anbarının nasos stansiyası ilə birlikdə inşası, 700 kubmetrlik və 1000 kubmetr həcmində su anbarlarının, həmçinin çirkab su nasos stansiyası və gücü 29 min əhali ekvivalenti olan çirkab sutəmizləyici qurğunun inşası planlaşdırılır. Layihə üzrə tikinti işlərinin müqavilə qiyməti 29 milyon manat, inşaat işləri zamanı yarana biləcək əlavə işlər nəzərə alınmaqla tikintinin qiyməti 37 milyon 50 min manat təşkil edir.

Bildirildi ki, 2010-cu ilin dekabrında Fransanın “SADE” və ölkəmizin “RAMKO” şirkətləri ilə bağlanan müqavilə əsasında Şabran rayon mərkəzinin su təchizatı və kanalizasiya şəbəkələrinin bərpası və tikintisinə başlanıb. İndiyədək 145 min 879 metr su ,129 min 356 poqonometr kanalizasiya xətti çəkilib, 5 min 766 ev kanalizasiya xəttinə birləşdirilib.

Diqqətə çatdırılıb ki, suyun şəhər əhalisinə verilməsi üçün 100 kubmetrlik tənzimləyici anbarın, həcmi 700, 1000 və 2000 kubmetr olan su anbarlarının və çirkab su nasos stansiyasının tikintisi üzrə işlər artıq tam başa çatdırılıb. Gücü 29 min əhali ekvivalenti olan çirkab sutəmizləyici qurğunun daha müasiri ilə əvəz olunması üçün layihədə dəyişiklik edilib. Qurğunun tikintisi davam etdirilir. Layihənin həyata keçirilməsi ilə Şabran şəhərinə gün ərzində adambaşına 180 litr su verilməklə əhalini 24 saat ərzində daimi içməli su ilə təmin etmək mümkün olacaq.

Dövlət başçısına şəbəkənin inşasında istifadə olunan mütərəqqi texnologiyalar, avadanlıq və materiallar barədə ətraflı məlumat verilib. Qeyd olunub ki, layihənin reallaşdırılması zamanı mikrotunel qazma və digər müasir üsullar geniş tətbiq olunub. Bildirilib ki, ümumilikdə “Meliorasiya və Su Təsərrüfatı” ASC milli su təchizatı və kanalizasiya xidmətləri üzrə ikinci layihəyə əsasən respublikanın 8 rayonunda – Şabran, Siyəzən, Ağsu, İsmayıllı, Lerik, Yardımlı, Masallı və Cəlilabadda iş aparır.

Prezident ilham Əliyev yeni xətlə rayon mərkəzinə içməli suyun verilməsini bildirən düyməni basıb.

Şabran içməli su və kanalizasiya şəbəkəsinin açılışı münasibətilə rayonda Qurtuluş Parkı yaradılıb.

Mərasimdən sonra prezident İlham Əliyev həmin parkla tanış olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR