“Ölkədən getmək, ölkəyə gəlmək və pasportlar haqqında” və “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında” qanunlara dəyişiklik edilib

“Ölkədən getmək, ölkəyə gəlmək və pasportlar haqqında” və “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında” qanunlara dəyişiklik edilib
# 19 aprel 2013 11:50 (UTC +04:00)

Bakı. Mübariz Aslanov - APA. Azərbaycan Milli Məclisinin iclasında “Ölkədən getmək, ölkəyə gəlmək və pasportlar haqqında” və “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında” qanunlara dəyişikliklər müzakirəyə çıxarılıb.

APA-nın xəbərinə görə, layihə barədə məlumat verən Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli bildirib ki, sənəd vətəndaşların pasport alma işini xeyli asanlaşdırır.

Dəyişikliklərə əsasən, ümumvətəndaş pasportu vətəndaş müraciət etdikdən sonra 10 iş günü müddətində, Azərbaycan Respublikası vətəndaşının və ya onunla gedən şəxsin (şəxslərin) təcili müalicəsi, yaxud xaricdə yaşayan yaxın qohumunun ağır xəstəliyi, ölümü ilə bağlı hallarda isə 2 iş günü müddətində müvafiq icra hakimiyyəti orqanının təsdiq etdiyi “Ölkədən getmək, ölkəyə gəlmək və pasportlar haqqında” qanunun tətbiqi barədə Əsasnamə”də nəzərdə tutulan sənədlər əsasında müvafiq icra hakimiyyəti orqanı tərəfindən veriləcək.

Dəyişikliyə əsasən 15 yaşına çatmamış vətəndaşlardan əl-barmaq izi götürülməyəcək. “Dövlət rüsumu haqqında” qanunla nəzərdə tutulmuş hallarda ümumvətəndaş pasportu vətəndaşın ödədiyi dövlət rüsumunun məbləğinə müvafiq olaraq 5 və ya 1 iş günü müddətində veriləcək.

Yetkinlik yaşına çatmamış vətəndaşın valideynlərindən birinin ölüm haqqında şəhadətnaməsi, ölmüş və ya itkin düşmüş elan edilməsi, valideynlik hüququndan məhrum edilməsi barədə məhkəmənin qərarı və ya müvafiq icra hakimiyyəti orqanı tərəfindən verilmiş doğum haqqında akt qeydində ata barədə məlumatın ananın göstərişi üzrə yazılması haqqında arayış təqdim edildikdə, digər valideynin razılığı tələb olunmayacaq.

Dəyişikliklərə əsasən, əvvəllər şəxsiyyət vəsiqəsi 16 yaşdan sonra verilirdisə, indi 15 yaşından sonra veriləcək.

Müzakirələrdən sonra qanun layihəsi qəbul olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR