ABŞ İranın neft-kimya sənayesinə qarşı yeni sanksiyalar tətbiq edib.
APA xarici KİV-ə istinadən xəbər verir ki, Vaşinqton İrana nüvə və ballistik raket proqramına və Yaxın Şərq ölkələrində münaqişələrə dəstək verdiyinə görə təzyiq edir.
Yeni tədbirlər keçən ay İslam Respublikasının sənaye metallarının ixracından əldə edilən gəlirləri hədəfə alan sanksiyalardan sonra həyata keçirilir.
Qüvvəyə minən sanksiyalar İranın ballistik raket və nüvə proqramına cavabdeh olan İslam İnqilabı Keşikçiləri Korpusunun iqtisadi qanadına maliyyə dəstəyi göstərdiyi üçün İran Körfəzi Neft-Kimya Sənaye Şirkətini hədəfə alır.
ABŞ Maliyyə Nazirliyi sanksiyaya holdinqin 39 törəmə şirkətlərini və xaricdə qərargahlaşan satış agentlərini də daxil edib. Nazirlik bildirib ki, İran Körfəzi Neft-Kimya Sənaye Şirkəti və onun törəmə şirkətləri İranın neft-kimya məhsulları potensialının 40 faizinə, ixracının isə 50 faizinə nəzarət edir.
“Bu şəbəkəni hədəfə almaqla biz İranın neft-kimya sektorunun aparıcı elementini İslam İnqilabı Keşikçiləri Korpusunun dəstəyindən məhrum etmək niyyətindəyik” – deyə, ABŞ-ın maliyyə naziri Stiven Mnuçin bəyanatında bildirib.