Bank Of Baku

ABŞ Senatında Rusiyaya qarşı yeni sanksiyalar layihəsi üzrə razılıq əldə edilib, Tramp dəstəkləyib

ABŞ Senatında Rusiyaya qarşı yeni sanksiyalar layihəsi üzrə razılıq əldə edilib, Tramp dəstəkləyib
# 28 iyul 2026 18:58 (UTC +04:00)

ABŞ Senatında Respublikaçılar və Demokratlar Partiyasını təmsil edən bir qrup senator Rusiyaya qarşı yeni sanksiyalar layihəsi üzrə razılıq əldə edib.

Bu barədə “Bloomberg” məlumat yayıb.

Layihə ABŞ Prezidentinə Rusiya neftinin və təbii qazının ən böyük alıcıları sırasında olan, eləcə də sanksiyalardan yayınmağa kömək edən ölkələrdən idxala 100%-dək gömrük rüsumu tətbiq etmək səlahiyyəti verir. Rüsumların Rusiyanın enerji resurslarını ən çox alan beş ölkəyə və sanksiyalardan yayınmada əsas rol oynayan beş dövlətə şamil edilməsi nəzərdə tutulur.

Sənədə əsasən, Prezident Rusiyadan ABŞ-a gətirilən mallara 500%-dək tarif tətbiq etmək imkanı da əldə edəcək.

“Bloomberg” qeyd edir ki, bu həftə qanun layihəsinə dəyişiklik edilərək yeni tarif səlahiyyətlərinin qüvvədə olma müddəti beş illə məhdudlaşdırılıb. Layihə, həmçinin 1996-cı il İran Sanksiyaları Qanununun müddətinin 2031-ci ilədək uzadılmasını və İranla biznes əlaqələri saxlayan qeyri-ABŞ şirkətlərinə qarşı ikinci dərəcəli sanksiyaların tətbiqini nəzərdə tutur.

Sanksiyalar paketinin Senatda bu həftə qəbul oluna biləcəyi bildirilir. Nümayəndələr Palatası avqust tətilinə çıxdığı üçün layihəyə ən tez sentyabrda baxa biləcək.

Qanun layihəsinin müəlliflərindən biri mərhum senator Lindsi Qrem olub. Layihəyə onun adı verilib və sənəd “Lindsey O. Graham Sanctioning Russia Act of 2026” adlandırılıb.

Məlumata görə, ABŞ Prezidenti Donald Tramp əvvəlcə təşəbbüsü tənqid etsə də, sonradan layihəni dəstəkləyib. Daha əvvəl təqdim edilən versiyada Rusiyanın enerji məhsullarını alan ölkələrdən idxala 500%-lik tarif təklif olunurdu, son variantda isə bu göstərici 100%-dək azaldılıb və tədbirin əhatə dairəsi konkret ölkələrlə məhdudlaşdırılıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR