ABŞ-da qatarın qəzaya uğraması nəticəsində ölənlərin sayı artıb
ABŞ-ın Vaşinqton ştatında sərnişin qatarının qəzaya uğraması nəticəsində ölənlərin sayı 6 nəfərə çatıb.
APA-nın məlumatına görə, bu barədə “Associated Press” agentliyi xəbər verib.
Bundan əvvəl 3 nəfərin öldüyü, 77 nəfərin yaralandığı bildirilirdi.
***
23:09
ABŞ-ın Vaşinqton ştatında sərnişin qatarının qəzaya uğraması nəticəsində azı 3 nəfər ölüb.
APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, 77 nəfər xəstəxanalara yerləşdirilib, onlardan 4-ün vəziyyəti ağır kimi qiymətləndirilir.
Qəzanın Leykvud-Olimpiya şəhərləri arasında baş verdiyi məlum olub. Qatarda 78 sərnişin və 5 ekipaj üzvü olub.
Qəza zamanı vaqonlardan biri körpüdən avtomobil yoluna aşıb. Bir neçə avtomobilə zərər dəysə də, sürücülər arasında ölən və yaralanan olmayıb.
***
21:49
ABŞ-ın Vaşinqton ştatında sərnişin qatarının qəzaya uğraması nəticəsində azı 77 nəfər xəsarət alıb.
APA-nın xəbərinə görə, bu barədə Reuters agentliyinə tibbi mənbələrdə bildirilib.
İnsident nəticəsində ölənlərin olduğu bildirilsə də, onların sayı barədə hələ ki, məlumat yoxdur.
***
20:48
ABŞ-ın Vaşinqton ştatında sürətli sərnişin qatarı relsdən çıxıb.
APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, qatarın Sietl - Portlend marşrutu ilə hərəkət etdiyi bildirilir.
İlkin məlumata əsasən, qəza zamanı vaqonlardan biri körpüdən avtomobil yoluna aşıb. İnsident nəticəsində yaralananların olduğu bildirilsə də, onların sayı barədə hələ ki, məlumat yoxdur.