ABŞ-ın Türkiyədəki səfirliyi ABŞ Konsulluğu əməkdaşının bu ölkədə həbs olunmasına münasibət bildirib.
APA-nın “Hürriyet”-ə istinadən verdiyi xəbərə görə, səfirliyin yaydığı açıqlamada ABŞ-ın hadisə ilə bağlı narahatlığı ifadə edilib. Qeyd olunub ki, həbs olunan şəxsə qarşı irəli sürülən ittihamlar əsassızdır: “Həmin şəxsin məhkəmədə yox, mətbuatda mühakimə olunmasından narahatıq. ABŞ Amerika hökuməti əməkdaşlarına, Türkiyədəki ABŞ vətəndaşlarına qarşı Türkiyə qanunlarına və beynəlxalq hüquqa uyğun davranılmasını təmin etmək üçün Türkiyə hökuməti ilə danışıqları davam etdirəcək”.
Qeyd edək ki, ABŞ-ın İstanbuldakı Baş Konsulluğunun əməkdaşı Metin Topuz FETÖ ilə əlbir olmaqda təqsirli bilinərək həbs olunub. O, Konstitusiya qaydalarını pozmaqda, Dövlətin təhlükəsizliyi, xarici və daxili siyasi mənfəət baxımından gizli qalması vacib olan məlumatları ötürməklə casusluq etməkdə və Türkiyə hökumətini zorla dəyişdirmək təşəbbüsündə təqsirli bilinir.