ABŞ-ın İranla nüvə razılaşmasından çıxması KXDR üçün doğru siqnal olacaq.
APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, bunu ABŞ prezidenti Donald Tramp bəyan edib.
“Yeddi ildən sonra bu müqavilənin müddəti başa çatacaq və İran yenidən nüvə silahı yaratmağa başlayacaq. Bu qəbuledilməzdir. Yeddi il, demək olar ki, sabahdır. Bu o demək deyil ki, biz hazırkı razılaşmanı müzakirə etməyəcəyik. Amma bu ABŞ üçün dəhşətli razılaşmadır ”, deyə D.Tramp qeyd edib.
O nüvə razılaşması ilə bağlı son qərarı mayın 12-də verəcəyini bildirib. Qeyd edək ki, mayın 12-də D.Tramp İrana qarşı sanksiyaların "dondurulması”nın uzadılmasına dair qərar verməlidir. D.Tramp həmçinin KXDR lideri Kim Çen In ilə görüşünün iki Koreya arasında yerləşən sərhəd məntəqəsi və yaxud Sinqapurda keçiriləcəyini təsdiqləyib.
İranın nüvə proqramı üzrə Hərtərəfli Birgə Fəaliyyət Planı 2015-ci ilin iyul ayında İran və altılıq ölkələri: Almaniya, Böyük Britaniya, Fransa, Çin, Rusiya və ABŞ arasında qəbul edilib. İyulun 20-də plan BMT Təhlükəsizlik Şurası tərəfindən təsdiq edilib. Razılaşmaya əsasən, İran nüvə silahının əldə edilməsindən imtina edir, qarşılığında isə sanksiyalar tədricən ləğv edilir. 2017-ci ildə ABŞ prezidenti Donald Tramp İranla bağlı yeni strategiyanı elan edib. D.Tramp İranı terrorun maliyyələşdirilməsində ittiham edib, rəsmi Tehranın nüvə razılaşmasının müddəalarını pozduğunu söyləyib və gələcəkdə razılaşmanın pozulmasını istisna etməyib.