“Aqrolizinq” ASC-də yoxlamalar təkcə Maliyyə Nazirliyi tərəfindən aparılmayıb. Belə ki, həmçinin son bir ildə iki beynəlxalq şirkət tərəfindən audit və qiymətləndirmə də keçirilib.
Bunu “APA-Economics”ə açıqlamasında Kənd Təsərrüfatı Nazirliyinin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsinin müdiri Vüqar Hüseynov deyib.
O bildirib ki, Maliyyə Nazirliyinin Dövlət Maliyyə Nəzarəti Xidməti tərəfindən aparılan yoxlamalar zamanı qeydə alınan pozuntular 2018-ci ilədək olan dövrü əhatə edir: “Aqrolizinq ASC” 2019-cu ilin yanvarından etibarən kənd təsərrüfatı texnikası və damazlıq heyvanların alqı-satqısı ilə məşğul olmur”.
Qeyd edək ki, Maliyyə Nazirliyinin məlumatına əsasən, Nazirliyin Dövlət Maliyyə Nəzarəti Xidməti tərəfindən Azərbaycan Kənd Təsərrüfatı Nazirliyi yanında "Aqrolizinq" ASC-nin 2017-ci ilin yanvar ayından 2019-cu ilin sentyabr ayına qədər fəaliyyət dövrünü əhatə edən yoxlama aparılıb və nəticədə ASC-nin ciddi nöqsanlara yol verildiyini aşkarlayıb.