Bitki xəstəlikləri və zərərvericilər aqrar sığorta üzrə təminat verilən risklər sırasına daxil edilib.
APA-nın məlumatına görə, bu, Milli Məclisin Aqrar siyasət komitəsinin bu gün keçirilən iclasında ikinci oxunuşda müzakirə çıxarılan “Aqrar sığorta haqqında” qanun layihəsində əksini tapıb.
Qəzalar isə aqrar sığorta üzrə təminat verilən risklər siyahısından çıxarılıb. Beləliklə, qanun layihəsinin yeni variantına əsasən, kənd təsərrüfatı məhsullarının istehsalçıları aqrar sığorta predmetləri üzrə aşağıdakı risklərin bir və ya bir neçəsindən sığorta qaydalarına əsasən sığortalanacaq:
- təbii fəlakətlər;
- yanğınlar;
- bitki xəstəlikləri və zərərvericilər;
- yoluxucu xəstəliklər və zəhərlənmələr,
- vəhşi heyvanların hücumu və xüsusi təhlükəli ziyanvericilərin yayılması və hücumu;
- üçüncü şəxslərin hərəkətləri.
Qanun layihəsi müzakirələrdən sonra parlamentin plenar iclasına tövsiyə edilib.