Bakı. Mübariz Aslanov – APA. Milli Məclisin iclasında ədliyyə nazirinin müavini Vilayət Zahirov Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqanın illik məruzəsini təqdim edib. APA-nın məlumatına görə, çıxış edən V. Zahirov bildirib ki, 2014-cü ildə bələdiyyələrin fəaliyyəti ilə bağlı ən çox pozuntu kənd təsərrüfatı təyinatlı torpaqların qanunsuz satılması sahəsində qeydə alınıb. O deyib ki, ötən il 4 min hektardan artıq kənd təsərrüfatı təyinatlı torpağın qeyri-qanuni yolla satılması müəyyənləşdirilib və həmin torpaq sahələri bələdiyyə balansına daxil edilib.
V. Zahirov bələdiyyə sahəsində ciddi qanun pozuntuları barədə 41 işin prokurorluq orqanlarına və Baş Prokurorluğa göndərildiyini söyləyib: “Bunların da əksəriyyəti yenə kənd təsərrüfatı təyinatlı torpaqların qanunsuz verilməsi ilə bağlıdır. Bundan əlavə, 8 iş üzrə cinayət işi başlanıb və bir iş üzrə isə artıq məhkəmə qərarı çıxarılıb”.
Nazir müavini qeyd edib ki, verilən təkliflər əsasında müvafiq bələdiyyələr tərəfindən 1709 akt ləğv edilib, 544 akt dəyişdirilib, 473 akt üzrə təsdiqedici sənədlər təqdim olunub, digərləri isə baxılmaqdadır: “Bələdiyyə aktlarının dəyişdirilməsi və ya ləğv edilməsi ilə əlaqədar məhkəmələrdə 11 iddia qaldırılıb. Verilən təkliflərin bələdiyyələr tərəfindən qanuna müvafiq icra edilməsi nəticəsində belə iddiaların sayı son illər ərzində xeyli azalıb. Bələdiyyə tərəfindən torpaq sahələrinin qanunsuz mülkiyyətə və icarəyə verilməsi ilə bağlı qəbul edilən qərarlar nazirliyin təklifləri əsasında müvafiq bələdiyyələr və iddia ərizələri əsasında məhkəmələr tərəfindən ləğv olunub”.
V. Zahirov bütövlükdə 4022 ha torpaq sahəsinin qanunsuz verilməsinin qarşısının alındığını söyləyib: “Onlardan 1502 ha kənd təsərrüfatı təyinatlı torpaqlar olub. Eyni zamanda bələdiyyələrə 3998 tövsiyə göndərilib. Bələdiyyə aktlarının vaxtında təqdim edilməməsinə görə İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq 445 protokol tərtib edilərək müvafiq məhkəmələrə göndərilib. Onlardan 96-sı təkrar inzibati xəta üzrə tərtib edilib. Müvafiq protokollar əsasında 381 nəfər bələdiyyə sədri məhkəmələr tərəfindən inzibati məsuliyyətə cəlb edilib, 64 protokol üzrə müraciət isə baxılmaqdadır”.
Daha sonra məruzə müzakirəyə çıxarılıb.