Bank Of Baku

“Coca-Cola” dünya üzrə aparacağı ixtisarların Azərbaycana təsirinə münasibət bildirib

“Coca-Cola” dünya üzrə aparacağı ixtisarların Azərbaycana təsirinə münasibət bildirib
# 13 yanvar 2015 09:09 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. “Coca-Cola” şirkəti dünya üzrə 2 minə yaxın işçisini ixtisar etmək niyyətindədir.

 

APA-Economics”in “Wall Street Journal”a istinadən verdiyi məlumata görə, şirkət ixtisarlara yaxın həftələr ərzində başlayacaq. İxtisarlar xüsusilə şirkətin ABŞ-ın Corciya ştatının Atlanta şəhərində yerləşən baş ofisini əhatə edəcək.

 

Nəşrin məlumatına görə, bu addım şirkətin xərclərini 3 mlrd. dollara qədər azaldılması ilə bağlı planına uyğun olaraq həyata keçirilir.

 

Şirkətin Azərbaycandakı nümayəndəliyi olan “Azerbaijan Coca-Cola Bottlers” MMC də məsələ ilə bağlı şərh verib. MMC-dən “APA-Economics”in sorğusuna cavab olaraq bildirilib ki, məhsuldarlığa yönəldilmiş və elan olunmuş təşəbbüs çərçivəsində qlobal biznesin artımının sürətləndirilməsi məqsədilə, şirkət təşkilatını təkmilləşdirir və sadələşdirir.

 

Məlumatda deyilir ki, öncə bildirildiyi kimi, bu proses iş yerlərin sayına da təsir edəcək: “Eyni zamanda, təşkilati yenidənqurma prosesi çərçivəsində biz baş ofisimizdə, “Coca-Cola International” və “Coca-Cola North America” şirkətlərində 1 600-1 800 vəzifə müəyyən etmişik ki, yaxın gələcəkdə bunlar ləğv olunacaq. Bu, bizim adıçəkilən qlobal strukturlardakı təxminən 13 000 iş yeri deməkdir. Bizim üçün bu cür qərarlar qəbul etmək asan deyil. Bütün bu proses boyu işçilərimizə qarşı ədalətli və layiqli münasibət göstərməyi öhdəmizə götürmüşük”.

 

Şirkətdən bildirilib ki, məhsuldarlıq “Coca-Cola” şirkətinin daimi prosesidir: “Biz biznesimizin effektivliyinin artırılması və bu artımın stimulyasiyası üçün yollar axtaracağıq. İş yerlərinin ixtisarı məsələsi “Azerbaijan Coca-Cola Bottlers” şirkətinə aid olmayacaq. Hazırda “Azerbaijan Coca-Cola Bottlers” şirkətində 550-dən artıq insan çalışır. Bununla yanaşı, şirkət tədarük sistemi və paylaşdırma şəbəkəsi vasitəsilə daha 2 200 insan üçün iş yeri imkanını yaradır”, - deyə şirkətinin MDB ölkələri üzrə regional nümayəndəliyindən bildirilib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR