Bu məqsədlə hökumət «Ekoloji təmiz kənd təsərrüfatı Layihəsi»ni artıq təsdiqləyib. BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) köməyi ilə hazırlanan bu layihənin icrasına martın 1-də başlanacaq. Bunu «APA-Economics»ə açıqlamasında FAO-nun Azərbaycandakı nümayəndəliyinin təmsilçisi Təranə Bəşirova bildirib.
T.Bəşirova qeyd edib ki, «Ekoloji təmiz kənd təsərrüfatı Layihəsi» ölkə hökumətinə baxılmaq üçün ötən ilin dekabr ayında təqdim olunub və artıq təsdiqlənib.
«Bu layihə çərçivəsində Azərbaycan üçün ixrac bazarlarının müəyyənləşdirilməsi, prioritet bitkilərin istehsalı sahəsinin inkişafı, bu məhsulların sertifikatlaşdırılması, xüsusi sənədləşmə mərkəzinin yaradılması, rəqabət qabiliyyətli ekoloji məhsulların araşdırılması və s. bu kimi əsas istiqamətlər müəyyən ediləcək», - deyə FAO təmsilçisi qeyd edib.
Qeyd edək ki, icrası iki il davam edəcək bu layihənin dəyəri 200 min ABŞ dolları təşkil edir.