Bakı. Aynur Əliyeva - APA-Economics. Bu gün kənd təsərrüfatı naziri Heydər Əsədov Rusiyanın Stavropol vilayəti hökuməti sədrinin müavini Andrey Murqanın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
Nazirlikdən “APA-Economics”ə verilən məlumata görə, görüşün əsas məqsədi kənd təsərrüfatı sahəsində ikitərəfli əlaqələrin müzakirəsi olub.
H.Əsədov Azərbaycanla Stavropol vilayəti arasında iqtisadiyyatın digər sahələri ilə yanaşı, aqrar sahədə də ticarət dövriyyəsinin mövcud olduğunu qeyd edib. O bildirib ki, Azərbaycan istehsal etdiyi məhsullarını Stavropol vilayətinə ixracında maraqlıdır.
Nazir hər iki tərəfdə logistik bazaların yaradılmasının, Azərbaycan Aqrar Universiteti ilə Stavropol Aqrar Universiteti arasında Memorandumun imzalanması və kadr hazırlığı sahəsində təcrübə mübadiləsinin aparılmasının vacibliyini bildirib.
Süni mayalanma sahəsində toxum bankının yaradılması, toxumçuluq sahəsində Stavropol vilayətinin təcrübəsinin öyrənilməsi, aqrar elmi-tədqiqat sahəsində əldə olunmuş nailiyyətlərin elmi mübadiləsinin aparılması, kənd təsərrüfatı məhsullarının saxlanması, ilkin və sonrakı emal üzrə birgə müəssisələrin təşkil olunmasının məqsədəuyğun hesab edib.
A.Murqa hər iki ölkənin kənd təsərrüfatı sahəsində böyük potensial imkanlara malik olduğunu, mövcud imkanlardan səmərəli istifadənin aqrar sahədə əməkdaşlığın inkişafına öz töhfəsini verəcəyini və bu əlaqələrin genişlənməsində öz səylərini əsirgəməyəcəyini bildirib.
Stavropol vilayətinin kənd təsərrüfatı naziri Aleksandr Martıçev vilayətin kənd təsərrüfatı sektoru, xüsusilə də quşçuluq, toxumçuluq, tərəvəzçilik, şərabçılıq, dənli bitkilər və heyvandarlıq sahələri üzrə əməkdaşlığın perspektiv istiqamətləri üzrə geniş məlumat verib.
H.Əsədov belə işgüzar görüşlərin hər iki tərəf arasında aqrar sahədə qarşılıqlı əlaqələrin inkişafına öz töhfəsini verəcəyinə əminliyini bildirib.