Bakı. Aynur Əliyeva – APA-Economics. Azərbaycanda mal-qaranın məhsuldarlığını artırmaq üçün süni mayalanmadan istifadə olunur. Hazırda ölkədə yüz minə yaxın heyvan süni mayalanır. Onlardan isə 70 min bala alınır. Lakin bu, aşağı göstərici hesab olunur. Çünki mövcud olan inəklərin 80%-i süni mayalanmalı olduğu halda, bunun yalnız 60%-ı mayalandırılır. Bu barədə «APA-Economics»ə Kənd Təsərrüfatı Nazirliyi heyvandarlıq məhsullarının istehsalı, emalı, damazlıq işi və otlaqlar şöbəsinin müdiri Çingiz Fərəcov məlumat verib.
Ç.Fərəcov bildirib ki, ölkədə fermerlər bu məsələyə fikir vermirlər: «Əslində, rayon və şəhərlərdə yerli icra hakimiyyətləri buna maraq göstərsə, yerlərdə maarifləndirmə işləri aparılsa, bu sahə sürətlə inkişaf edər».
Nazirliyin şöbə müdiri əlavə edib ki, süni mayalanma nəticəsində heyvanların cins tərkibi də yaxşılaşır, məhsuldarlığı da artır. Bununla yanaşı, məhsuldarlığı artırmaq üçün hər il respublikaya xaricdən də mal-qara gətirilir.
«Bu ilin sonu və ya gələn ilin yanvar-fevral aylarında Azərbaycana 430 baş iribuynuzlu mal gətiriləcək. Onlar əsasən Almaniya, Avstriya, Fransadan alınacaq», - deyə Ç.Fərəcov qeyd edib.