Bakı. Aynur Əliyeva – APA-Economics. Bu gün Bakıda “Fermerlərin İmkanlarının Lokal İnnovasiyalar vasitəsilə Zənginləşdirilməsi” (FİLİZ) layihəsinin təqdimatı keçirilib. “APA-Economics”in xəbərinə görə, Aİ və Almaniyanın “Bread for the World” (BfdW) təşkilatının maliyyə dəstəyi ilə “Aqro İnformasiya Mərkəzi” (AİM) tərəfindən həyata keçirilib. Təqdimatda müvafiq nazirliklərin və dövlət komitələrinin, Milli Məclisin nümayəndələri, diplomatik korpusun, beynəlxalq və yerli qeyri-hökumət təşkilatları, fermerlər və yerli idarəetmə orqanları təmsilçiləri iştirak ediblər.
Layihə Azərbaycanın iki iqtisadi rayonunu əhatə etməklə İsmayıllı, Qəbələ, Oğuz və Şəki rayonlarında həyata keçirilir. Başlıca məqsəd qeyd olunan rayonlarda 2 500 nəfər aztəminatlı kənd əhalisinin həyat şəraitlərini davamlı şəkildə yaxşılaşdırmaqdır.
Tədbirin açılışında çıxış edən AİM-in İdarə Heyətinin sədri Fazil Cəfərov bildirib ki, həyata keçirilən fəaliyyətlərdən 500 fermer təsərrüfatı birbaşa faydalanacaq ki, onların 15%-ni ərazidə yaşayan məcburi köçkünlər təşkil edəcək. “Bu layihədə kənd yerlərində qadınların rolunun artırılması məqsədilə qadın fermer qruplarının yaradılması və dəstəklənməsi də diqqət mərkəzindədir”, - deyə F. Cəfərov bildirib.
Tədbirdə Milli Məclisin Aqrar siyasət komitəsinin eksperti Zahid Abbasov, Almaniyanın Azərbaycandakı səfiri Haydrun Templ, Aİ-nin ölkəmizdəki nümayəndəliyinin əməliyyatlar şöbəsinin müdir müavini Rafaella Boudron, Almaniyanın “Bread for the World” təşkilatının nümayəndəsi Doroteya Vulf və başqaları çıxış edərək ölkədə kiçik fermer təsərrüfatının inkişafının önəmini vurğulayıblar.
Daha sonra layihələrin təqdimatı keçirilib. Bildirilib ki, layihə ərzində 50 fermer sahə məktəbi, 20 marketinq qrupu və 8 mərkəzləşdirilmiş satış məntəqəsinin yaradılması nəzərdə tutulur. Hər bir Fermer Sahə Məktəbində nümayiş etdirmə sahəsi yaradılacaq ki, burada bilik və bacarıqlarını artıran fermerlər növbəti il öyrəndiklərini yeni təsərrüfat sahələrində tətbiq edəcək. Layihənin ikinci ilindən başlayaraq fermerliliklə yanaşı, 30 təsərrüfat ailəsinin 5 müxtəlif qeyri-fermerçilik sahəsində təşəbbüsləri dəstəklənəcək. Burada məqsəd fermer ailələrinin gəlirlərin şaxələndirilməsidir.
Bu fəaliyyətlər barədə məlumat verən AİM İdarə Heyətinin sədr müavini Nəzakət Bəyverdiyeva 25 kəndin müəyyənləşdiyini, artıq burada açıq və istixana şəraitində tərəvəz bitkilərinin becərilməsi, arıçılıq və çiyələk sahəsində 20 nümayiş etdirmə sahəsinin yaradıldığını bildirdi. İstehsal olunan məhsulların bazara çıxışını artırmaq məqsədilə potensial dəyər zəncirlərinin inkişafı diqqət mərkəzində olacaq.