Bakı. Aynur Əliyeva – APA-Economics. Azərbaycanda xəstəliklərdən azad kartof toxumçuluğunun inkişaf etdirilməsi məqsədilə ölkəyə iki ton kartof toxum sortları gətirilib. Yeni kartof toxumları Hollandiya və Almaniyadan gətirilib.
Bunu “APA-Economics”ə BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) Azərbaycan Nümayəndəliyinin rəhbəri Təranə Bəşirova bildirib.
Onun sözlərinə görə, ölkəyə 9 sort kartof toxumu gətirilib və onlar hazırda Gədəbəy, Şəmkir və Şəkidə sınaqdan keçirilir.
“Təxminən bir – iki aydan sonra məhsuldarlığın necə olduğunu biləcəyik. Amma ilkin müşahidələr göstərir ki, Almaniyadan gətirilən sortlar yerli mühitə, xəstəliklərə daha davamlıdır”, - deyə T. Bəşirova qeyd edib.
O, əlavə edib ki, Elmi, Tədqiqat və Tərəvəzçilik İnstitutunda Kənd Təsərrüfatı Nazirliyi ilə birgə biotexnologiya laboratoriyası yaradılıb. FAO tərəfindən isə müasir laboratoriya avadanlıqları alınıb: “Bu yaxınlarda biotexnoloji üsullarla virussuz kartof toxumlarının yetişdirilməsi, virusların müəyyənləşdirilməsi, bu sahədə potensialın artırılması necə müəyyən edilir kimi məsələlərə dair təlimlər keçiriləcək”.
Qeyd edək ki, viruslardan təmizlənən kartof toxumlarının sonradan fermer əsaslı çoxaldılması, həmçinin kartof toxumlarının sertifikatlaşdırılması sisteminin təşkilinin həyata keçirilməsi nəzərdə tutulub.
Ölkədə həyata keçirilən bu layihə üçün FAO tərəfindən 385 min dollar həcmində qrant ayrılıb.