Bakı. Aynur Əliyeva - APA-Economics. Azərbaycanda BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) təkmilləşdirilmiş dəyərlər zəncirinin koordinasiyası üçün bacarıqların artırılması və idarəetmənin səviyyəsinin yaxşılaşdırılması məqsədilə yeni layihəyə start verib. Layihədə Kənd Təsərrüfatı Nazirliyində marketinq və aqrobiznes sektorunun funksional təşkilatı baxımdan gücləndirilməsi, bu şöbənin nazirliyin kənd təsərrüfatı dəyərlər zəncirinin koordinasiyasının səmərəli həyata keçirilməsinə dəstək göstərməsi nəzərdə tutulub.
Bunu “APA-Economics”ə qurumun Azərbaycandakı nümayəndəliyinin rəhbəri Təranə Bəşirova bildirib.
Onun sözlərinə görə, bu layihə çərçivəsində Kənd Təsərrüfatı Nazirliyində marketinq qiymətləri ilə bağlı xüsusi təlimat proqramı sistemi hazırlanır.
“Yeni sistem nazirliyin marketinq şöbəsində quraşdırılacaq. Onun vasitəsilə bazarda dəyişiklikləri izləmək, təhlil etmək və hesabat vermək qabiliyyətlərinin artırılması vəzifələri yerinə yetiriləcək. Bundan başqa, layihənin hədəfi marketinqin inkişafı ilə bağlı milli proqramın hazırlanmasıdır”, - deyə T. Bəşirova qeyd edib.
O, bildirib ki, müddəti iki il təşkil edəcək layihənin dəyəri 305 min ABŞ dolları təşkil edir.