Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. Bu ilin yanvar ayında Azərbaycanda bitkiçilik məhsullarının istehsalçı qiymətləri 1,5%, heyvandarlıq məhsullarının istehsalçı qiymətləri isə 1,2% artıb.
Dövlət Statistika Komitəsindən “APA-Economics”ə verilən məlumata görə, ümumilikdə kənd təsərrüfatı məhsullarının istehsalçı qiymətləri əvvəlki ayla müqayisədə 1,3% artıb.
Ay ərzində bitkiçilik məhsullarından buğda, noxud və lobya dəni, fındıq, qoz, xiyar, pomidor, kələm, soğan, yerkökü, çuğundur, heyva, nar, xurma, almanın istehsalçı qiymətləri artıb. Digər bitkiçilik məhsullarının qiymətlərində ciddi dəyişikliklər baş verməyib.
Heyvandarlıq məhsullarından südün istehsalçı qiyməti azalıb, yumurta, ev quşları, mal və qoyun ətinin istehsalçı qiymətləri artıb, digərlərinin isə qiymətlərində ciddi dəyişikliklər baş verməyib.