Bakı - APA-Economics. Aqrar sahənin hərtərəfli inkişafı üçün əlverişli şəraiti olan Azərbaycanın ümumi ərazisinin təxminən yarısı - 4,53 mln. hektarı kənd təsərrüfatına yararlı torpaqlardır.
“APA-Economics”in xəbərinə görə, bu barədə “Meleorasiya və Su Təsərrüfatı” ASC-nin sədri Əhməd Əhmədzadənin “Azərbaycan” qəzetində dərc olunmuş məqaləsində deyilir.
Ə. Əhmədzadə yazır ki, əkinə yararlı torpaq sahələri əsasən düzənlik zonada yerləşdiyindən və bu torpaqlarda yeraltı qrunt suları şorlaşma təhlükəsi yaratdığından əkinçiliyin yalnız süni suvarmalarla, daha dəqiq desək, müvafiq aqromeliorativ tədbirlər görməklə aparılması tələb olunur: “Məhz bu səbəbdən ölkəmizdə kənd təsərrüfatı məhsullarının istehsalı 85-90 faiz suvarılan torpaqlarda cəmləşmişdir. Hazırda ölkədə əkin altındakı həyətyanı sahələr də daxil olmaqla 1,984 mln. hektar sahə istifadə edilir. Bunun 1,435 mln. hektarı suvarma şəbəkələri və qurğuları ilə təchiz olunmuş suvarılan torpaqlardır. Suvarılan torpaqların 610 min hektarı kollektor-drenaj sistemləri ilə təchiz olunmuşdur. Suvarılan və meliorasiya olunmuş torpaqlardan yüksək və sabit məhsul götürmək üçün burada mütəmadi olaraq müvafiq irriqasiya-meliorasiya tədbirlərinin aparılması və onların səmərəliliyinin artırılması tələb edilir”.