Bank Of Baku

Azərbaycanda ötən il kənd təsərrüfatı istehsalçılarına verilən subsidiyaların həcmi açıqlanıb

Azərbaycanda ötən il kənd təsərrüfatı istehsalçılarına verilən subsidiyaların həcmi açıqlanıb
# 26 yanvar 2015 15:19 (UTC +04:00)

Bakı. Aynur Əliyeva - APA-Economics. Nazirlər Kabinetinin 2007-ci il 16 noyabr tarixli 181 nömrəli qərarı ilə təsdiq edilmiş “Buğda və çəltik istehsalçılarının maddi marağının artırılması və buğda və çəltik istehsalının stimullaşdırılması məqsədi ilə dövlət büdcəsinin vəsaiti hesabına yardım verilməsi Qaydaları”na uyğun olaraq 2014-cü ilin məhsulu üçün 2013-cü ilin payızında 503,8 min hektar sahədə aparılan buğda və çəltik səpininə görə 150 min istehsalçıya 20,1 mln. manat yardım verilib.

 

Kənd Təsərrüfatı Nazirliyindən “APA-Economics”ə verilən məlumata görə, Nazirlər Kabinetinin 2007-ci il 15 fevral tarixli 32 nömrəli qərarı ilə təsdiq edilmiş “Kənd təsərrüfatı məhsullarının istehsalçılarına əkin sahəsinin becərilməsində istifadə etdiyi yanacaq və motor yağlarına görə dövlət büdcəsinin vəsaiti hesabına yardımın verilməsi Qaydaları”na əsasən 1 295,7 min hektar əkin sahəsinin və çoxillik əkmələrin becərilməsində istifadə etdikləri yanacaq və motor yağlarına görə 384 min istehsalçıya 51,8 mln. manat yardım verilib.

 

Respublika Komissiyasının müvafiq qərarına əsasən həm buğda və çəltik əkininə görə, həm də əkin sahəsinin və çoxillik əkmələrin becərilməsində istifadə olunan yanacaq və motor yağlarına görə dövlət büdcəsinin vəsaiti hesabına yardım verilmiş kənd təsərrüfatı məhsullarının istehsalçılarının siyahısı, onların əkin sahələri və verilmiş yardımın məbləği haqqında məlumatlar hazırlanaraq ictimaiyyətə açıqlanmaq üçün nazirliyin rəsmi internet səhifəsində yerləşdirilib.

 

Həmçinin Respublika Komissiyasının 12 avqust 2014-cü il tarixli qərarının icrası ilə əlaqədar “Kapital Bank” ASC-nin yerli filialları ilə birgə rayon (şəhər) komissiyaları tərəfindən kənd təsərrüfatı məhsulları istehsalçılarına yardımların alınması üçün verilmiş ödəniş kartları üzrə inventarizasiya işləri aparılmış və nəticədə istifadə olunmayan 77739 ədəd aqro tipli ödəniş kartı “Kapital Bank” ASC-nin kart sistemindən çıxarılıb.

 

Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 16 aprel tarixli 152 nömrəli Fərmanının 6.1.3-cü bəndinə əsasən Nazirlər Kabinetinin 1 avqust 2014-cü il tarixli 270 nömrəli qərarı ilə təsdiq edilmiş yeni qaydalara əsasən hesabat ilində kənd təsərrüfatı məhsulları istehsalçılarına satılan gübrəyə görə tətbiq edilən güzəştlərin həcmi 50 faizdən 70 faizə və ya güzəşt edilən yardımın yuxarı həddi 50 manatdan 80 manata artırılıb. 2014-cü il ərzində 81,9 min nəfər istehsalçıya 642,5 min hektar sahəyə görə 50 və 70% güzəştlə satılmış 107,7 min ton mineral gübrə üçün 32,5 mln. manat vəsaitin ödənilməsi təmin edilib. Bununla da istehsalçılara güzəştlə satılan gübrənin həcmi əvvəlki ilə nəzərən 15,1%, əhatə olunan əkin sahəsi müvafiq olaraq 24,1%, güzəştə görə verilən yardımın məbləği isə müvafiq olaraq 30,5% çox olub.

 

Nazirlər Kabinetinin 25.06.2007-ci il tarixli 103 nömrəli qərarı ilə “Toxumçuluq və tinglik təsərrüfatlarından satılan 1-ci və 2-ci reproduksiyalı toxumlara və tinglərə görə dövlət büdcəsindən təsərrüfatlara subsidiyanın ödənilməsi Qaydası”na əsasən 2014-cü ildə toxum istehsalçılarına 1-ci və 2-ci reproduksiyalı toxum və ting satışına görə 9,1 milyon manat subsidiya ödənilib. Nazirlər Kabinetinin 19.06.2008-ci il tarixli 139 nömrəli qərarına əsasən Nazirliyin elmi-tədqiqat təşkilatlarının təcrübə təsərrüfatlarında istehsal edilmiş orijinal, superelit və elit toxumlarının istehsalına çəkilən xərclərin 100% dövlət büdcəsinin vəsaiti hesabına ödənilməsi üçün isə istehsalçılara 930 min manat subsidiya yönəldilib.

 

Bunlardan əlavə, Nazirlər Kabinetinin 18 dekabr 2014-cü il tarixli 395s nömrəli sərəncamı ilə Qobustan, Şamaxı, Qəbələ və Şəki rayonlarında uzun sürən quraqlıq və habelə dolu düşməsindən ziyan çəkmiş fermerlərə payızlıq əkinləri üçün verilmiş toxumların dəyərinin ödənilməsi məqsədilə dövlət büdcəsindən 2,850 mln. manat vəsait ayrılıb. Bütövlükdə 2014-cü ildə istehsalçıların toxumla təminatının yaxşılaşdırılmasına yönəldilmiş dövlət büdcəsi vəsaitlərinin həcmi əvvəlki ilə nisbətən 58,6% çox olub.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR