Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. Azərbaycanın iqtisadiyyat və sənaye naziri Şahin Mustafayev Bakıda səfərdə olan Əfqanıstanın xarici işlər naziri Zarar Ahmad Osmaninin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.
İqtisadiyyat və Sənaye Nazirliyindən “APA-Economics”ə verilən məlumata görə, Ş.Mustafayev iki ölkə arasında əməkdaşlığın qarşılıqlı hörmət və faydalı əməkdaşlıq prinsipləri üzərində qurulduğunu diqqətə çatdırıb, siyasi-iqtisadi əməkdaşlığın inkişafında dövlət başçılarının görüşlərinin, aparılan danışıqların xüsusi əhəmiyyətini vurğulayıb.
O bildirib ki, Azərbaycan və Əfqanıstan İslam Əməkdaşlıq Təşkilatı çərçivəsində fəal əməkdaşlıq edir: “Ölkələr arasında əlaqələrin genişlənməsində Azərbaycan-Əfqanıstan parlamentlərarası əlaqələr üzrə işçi qrupu uğurla fəaliyyət göstərir”.
Ş.Mustafayev Ermənistan-Azərbaycan Qarabağ münaqişəsində Əfqanıstanın ölkəmizin haqlı mövqeyini daim dəstəklədiyini vurğulayıb.
Z.Osmani Azərbaycanın qısa müddətdə böyük iqtisadi uğurlar qazandığını xüsusi vurğulayıb, əldə olunmuş nailiyyətləri yüksək qiymətləndirib. O, ölkəsinin dinamik inkişaf edən Azərbaycanla əməkdaşlığının daha da genişləndirilməsində maraqlı olduğunu diqqətə çatdırıb.
Əfqanıstanlı nazir Azərbaycanın mühüm coğrafi mövqeyini, böyük tranzit potensialını, xüsusilə Bakı-Tbilisi-Qars dəmir yolunun tikintisinin geniş tranzit imkanları yaratdığını vurğulayaraq, bu sahədə əməkdaşlığın inkişafının Əfqanıstan üçün əhəmiyyətini vurğulayıb.
Görüşdə əməkdaşlığın daha da genişləndirilməsi perspektivləri, o cümlədən Azərbaycanın kənd təsərrüfatı məhsullarının Əfqanıstana ixracı, investisiya layihələrinə dair məlumat mübadiləsi, iş adamları arasında əlaqələrin genişləndirilməsi üçün biznes forum, təqdimat və sərgilərin keçirilməsi, iki ölkə arasında Hökumətlərarası Komissiyanın yaradılması, Azərbaycanın böyük tranzit potensialından istifadə etməklə Əfqanıstana və bu ölkədən yükdaşımaların artırılması imkanları, eləcə də iqtisadiyyatın müxtəlif sahələrində əlaqələrin inkişafı məsələləri müzakirə olunub.