Bakı. Şamil Əlibəyli - APA. Azərbaycanın Tacikistandakı səfiri Abbasəli Həsənov bu ölkənin kənd təsərrüfatı naziri Qosım Qosımovla görüşüb.
APA-nın “Asia Plus” saytına istinadən verdiyi məlumata görə, görüşdə kənd təsərrüfatı sahəsində ikitərəfli əməkdaşlıq, Azərbaycan sərmayələrinin bu sahəyə cəlb edilməsi, birgə müəssisələrin yaradılması ətrafında müzakirələr aparılıb.
Görüşdə eyni zamanda Azərbaycanda mövcud olan qabaqcıl texnologiyaların Tacikistanda tətbiq edilməsi, imkanların müxtəlif sahələrdə istifadə edilməsi də müzakirə olunub. Azərbaycanın müasir texnologiyalarından istifadə etməklə, Tacikistanda suvarılan torpaqların sahəsinin və məhsuldarlığının artırılması, bu ölkənin meliorasiya sisteminin bərpasının vacibliyi vurğulanıb.