Bakı. Aynur Əliyeva – APA-Economics. Bu gün Azərbaycanın kənd təsərrüfatı naziri Heydər Əsədov Dünya Bankının (DB) Azərbaycan üzrə meneceri Larisa Leşenko və Dünya Bankının Avropa və Mərkəzi Asiya regionunun davamlı İnkişafı Departamentinin Kənd təsərrüfatı və Kənd Ərazilərinin İnkişafı bölməsinin sektor rəhbəri Dina Umali-Deyninqer ilə görüşüb.
Nazirlikdən “APA-Economics”ə verilən məlumata görə, görüşün məqsədi irriqasiya sahəsində əməkdaşlığın inkişaf perspektivlərinin müzakirəsi olub.
H. Əsədov kənd təsərrüfatı sahəsinin inkişafında suvarma-drenaj sistemlərinin yenidən qurulmasının vacibliyini qeyd edib və bu sahədə DB ilə əməkdaşlığa önəm verdiyini və göstərdiyi dəstəyi yüksək qiymətləndirib. Eyni zamanda su ehtiyatlarının vəziyyətini, kollektor-drenaj sisteminin qurulmasında ilk növbədə ölkə üzrə tam qiymətləndirmənin aparılmasını nəzərə çatdırıb.
L. Leşenko Azərbaycanın kənd təsərrüfatının böyük potensiala malik ölkə olduğunu və bu sahənin inkişafı üçün suvarma-drenaj sisteminin qurulmasının vacibliyini qeyd edib. O, Dünya Bankı ilə əməkdaşlığın daha da inkişaf etdirilməsində öz səylərini əsirgəməyəcəyini bildirib.
D. Umali-Deyninqer ehtiyacların müəyyən olunmasında, aqrar sahənin inkişaf strategiyasının hazırlanmasında, ölkə üzrə irriqasiya sahəsində tam qiymətləndirmənin aparılmasında, texniki yardım göstərilməsində hazır olduqlarını qeyd edib.