Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. Bu gün Azərbaycanın kənd təsərrüfatı nazirinin müavini İlham Quliyev Ukrayna Ali Radasının millət vəkili Serqey Tarutanın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
Nazirlikdən "APA-Economics"in verilən məlumata görə, görüşün məqsədi kənd təsərrüfatı sahəsində gələcək əməkdaşlıq imkanlarının müzakirəsi olub.
İ.Quliyev ölkələrimiz arasında başqa sahələrdə olduğu kimi aqrar sahədə də əməkdaşlığın yüksək səviyyədə olmasının, həmçinin Ukraynanın aqrar sahədə əldə etdiyi təcrübədən, o cümlədən hər iki ölkənin idxal-ixrac potensialından istifadə olunmasının vacibliyini qeyd edib.
Nazir müavini aqroparkların yaradılması, aqrobiznes investisiyalarının daha da təşviq edilməsi məqsədilə ölkələrarası elmi-texniki əməkdaşlıq və bitki mühafizəsi sahəsində olduğu kimi baytarlıq sahəsində də əməkdaşlığa dair sazişlərin imzalanmasının vacibliyini vurğulayıb.
Ukraynalı millət vəkili iki ölkə arasında aqrar sahədə birgə müəssisələrin yaradılması, taxılçılıq, xüsusilə seleksiya sahəsində təcrübə mübadiləsinin aparılması, həmçinin heyvandarlığın inkişafı sahəsində də əlaqələrin genişləndirilməsi üçün öz səylərini əsirgəməyəcəyini bildirib.