Bakı. Aqşin Rafiqoğlu – APA-Economics. Fevralın 20-də Bakıda Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı (QDİƏT) Biznes Şurasının Yüksək Səviyyəli Forumu keçiriləcək.
Azərbaycan Sahibkarlar Konfederasiyasından (ASK) «APA-Economics»ə verilən məlumata görə, forum QDİƏT-in Biznes Şurasının Beynəlxalq Katibliyi, BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı və ASK-nın təşkilatçılığı ilə baş tutacaq.
Tədbir aqrar və ərzaq sənayesinin inkişafı istiqamətində regional miqyasda məhsuldar əməkdaşlıq üçün real zəmin yaradacaq. Forumun məqsədləri aqro-ərzaq zəncirinin inkişafına özəl sektorun cəlb edilməsi üzrə regional səviyyədə müzakirələrin aparılması, üzv ölkələr arasında təcrübə mübadiləsi, habelə çağırışların və prioritetlərin müəyyən olunması üzrə regional strategiyanın formalaşması və özəl və dövlət sektorları arasında tərəfdaşlığın təşviqi vasitəsilə kiçik və orta sahibkarlığın bu sahəyə cəlb olunması kimi məsələləri əhatə edir.
Forumda iştirak üçün QDİƏT ölkələrindən kənd təsərrüfatı və iqtisadiyyat nazirləri, habelə kənd təsərrüfatı sahəsində ixtisaslaşmış qurumların (birliklər, assosiasiyalar, konfederasiyalar və s.) rəhbərləri və özəl sektor təmsilçiləri dəvət ediliblər. Tədbirin nəticəsi olaraq, yuxarıda qeyd olunan istiqamətlər üzrə tövsiyə və təklifləri özündə ehtiva edəcək sənədin qəbul edilməsi nəzərdə tutulur.