APA-nın məlumatına görə, Ekologiya və Təbii Sərvətlər Nazirliyi bioloji və texnoloji əsaslandırmanın qeydiyyatına görə 50 manat məbləğində dövlət rüsumunun müəyyənləşdirilməsini məqsədəuyğun sayıb.
Qeyd edək ki, bu il iyunun 27-də Milli Məclis “Balıqçılıq haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” qanun qəbul edib. Qanuna dəyişiklik Azərbaycanda akvakultura növlərinin, obyektlərinin, təsərrüfatlarının, infrastrukturunun yaradılmasının tənzimlənməsi ilə bağlı olub. Akvakultura balıq və digər su bioresurslarının, o cümlədən nadir və nəsli kəsilməkdə olan növlərin bərpası və əmtəə məhsulu əldə edilməsi məqsədilə balıqçılıq su obyektlərində artırılması, yetişdirilməsi, saxlanması və rekreasiya üzrə fəaliyyətdir. Qanuna əsasən Akvakultura balıqçılıq su obyektlərində bioloji və texnoloji əsaslandırma əsasında həyata keçirilir. Balıqçılıq su obyektlərində akvakulturanın həyata keçirilməsi üçün akvakultura subyektləri tərəfindən hazırlanan bioloji və texnoloji əsaslandırma Ekologiya və Təbii Sərvətlər Nazirliyinin müəyyən etdiyi qaydada qeydiyyata alınacaq. Qanuna əsasən bioloji və texnoloji əsaslandırmanın qeydiyyatına görə dövlət rüsumu tutulmalıdır.