Bakı. Aynur Əliyeva – APA-Economics. Kənd təsərrüfatı məhsullarının istehsalçısı olan hüquqi və fiziki şəxslərə hər hektar əkin sahəsinin becərilməsində istifadə etdiyi yanacaq və motor yağlarına görə dövlət tərəfindən büdcə vəsaiti hesabına 40 manat yardım verilməsi, habelə “Aqrolizinq” ASC və digər hüquqi və fiziki şəxslər tərəfindən istehsalçılara satılan mineral gübrələrin dəyərinin 50%-nin dövlət tərəfindən ödənilməsinin təmin edilməsi üzrə Respublika Komissiyasının növbəti iclası keçirilib.
Kənd Təsərrüfatı Nazirliyinin mətbuat xidmətindən “APA-Economics”ə verilən məlumata görə, komissiyanın sədri, kənd təsərrüfatı nazirinin müavini İlham Quliyev çıxış edərək bildirdi ki, 2014-cü ildə kənd təsərrüfatı məhsullarının istehsalçılarına mineral gübrələrin güzəştli qiymətlə satışı və onların dəyərinin 50%-nin dövlət vəsaiti hesabına ödənilməsi üçün satıcı təşkilatlardan və rayon komissiyalarından sənədlər daxil olması davam edir.
Komissiya 9 satıcı təşkilat, o cümlədən, “Aqrolizinq” ASC, “Aqrokimya” MMC, “Elçin” MMC, “Sərxan 2” MMC, “EMA” MMC, “Mikro Az Feed” MMC, “ABİS ALARCO” MMC, “Aqro Nur” MMC və “İ.E.R. LTD” MMC üzrə 11 449 nəfər istehsalçıya 143 990,83 hektara görə 50% güzəştlə satılmış 21 379,5 ton mineral gübrə üçün 5 mln. 896 min manata qədər dövlət büdcəsi vəsaitinin onların hesabına ödənilməsi məqsədi ilə müvafiq sənədləri Maliyyə Nazirliyinə təqdim edilib.