Bakı. Musa Əhmədov-APA-Economics. Digər ölkələr o cümlədən, Rusiyanın da Azərbaycanın kənd təsərrüfatına sərmayə yatırması üçün tədbirlər görülür.
“APA-Economics”in məlumatına görə, bunu jurnalistlərə açıqlamasında kənd təsərrüfatı naziri Heydər Əsədov deyib. Onun sözlərinə görə, burada söhbət kənd təsərrüfatına yararlı torpaqların müvəqqəti icarəsindən gedir: “Müxtəlif istiqamətli danışıqlara görə, digər ölkələrin, o cümlədən Rusiyanın bizim torpaqlardan istifadə edərək, burada məhsul yetişdirib aparılması, onların bura investisiya qoyması, idarə, müəssisə şəklində və ya hər hansı bir formada onların da bizim bazara cəlb edilməsi, investisiya yatırması üçün tədbirlər görülür”.
H.Əsədov əlavə edib ki, Azərbaycan aqrar sahəyə xarici investisiyanın yatırılmasında maraqlıdır.
“Rusiya ilə birgə müəssisənin yaradılması, torpaqların müvəqqəti icarəyə verilməsi üzərində işləyirik. Bir şərtlə ki, investisiya ancaq onlar tərəfindən qoyulacaq. Torpaqlarımız hər hansı investisiya yatıran tərəfindən yararlı hala gətriləcək, bundan sonra məhsulun bölgüsü və istifadəsinə qərar veriləcək”-deyə H.Əsədov vurğulayıb.