Bank Of Baku

Tovuz rayonunda regional müşavirə keçirilib

Tovuz rayonunda regional müşavirə keçirilib
# 23 may 2014 09:36 (UTC +04:00)

Bakı. Aynur Əliyeva - APA-Economics. Azərbaycan Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Fitosanitar Nəzarəti Xidmətinin Respublika Bitki Mühafizəsi Mərkəzi tərəfindən Tovuz rayonunda “Respublika ərazisində kartof güvəsinin yayılmasının qarşısının alınması və yayılma ocaqlarının məhv edilməsi üzrə təcrid və ləğvedici tədbirlər planı”nın təqdimatına dair III regional müşavirə keçirilib.

 

Nazirlikdən “APA-Economics”ə verilən məlumata görə, müşavirədə Dövlət Fitosanitar Nəzarəti Xidmətinin yerli qurumlarının - rayon bitki mühafizə mərkəzlərinin, bitki karantini məntəqələrinin əməkdaşları, bələdiyyələr, icra nümayəndələri, torpaq mülkiyyətçiləri və fermerlər, ümumilikdə 107 nəfər iştirak edib.

 

Bildirilib ki, kartof bitkisinin zərərli orqanizmləri arasında potensial təhlükəli növ olan kartof güvəsi vegetasiya müddətində və saxlanma dövründə vurduğu ziyana görə ilk yerdə durur. Məhsuldarlığı xeyli aşağı salmaqla yanaşı kartofun toxumluq və əmtəəlik keyfiyyətini də korlayır. Kütləvi çoxaldıqda, sahədə və ya çardaq altında müvəqqəti saxlanılan kartof yumrularını 2-3 həftə ərzində tamamilə məhv edə bilir. Zərərverici 25-80 faiz məhsul itkisinə səbəb olur.

 

Müşavirədə kənd təsərrüfatı tədbirlərinin həyata keçirilməsinin elmi-praktiki əsasları, kartof güvəsinin monitorinqi və identifikasiyası, aqrotexniki, bioloji, kimyəvi mübarizə üsulları, karantin tədbirləri sistemi və digər məsələlər müzakirə edilib. Respublika ərazisində kartof güvəsinin yayılmasının qarşısının alınması və yayılma ocaqlarının məhv edilməsi üzrə milli proqramın həyata keçirilməsi  nəticəsində yaxın illərdə zərərvericinin yayılma ocaqlarının və vurduğu zərərin minimuma endirilməsi nəzərdə tutulub.

 

Bu il kartof güvəsinin yayılma ocaqlarının məhv edilməsi məqsədilə 10075 ha sahədə kimyəvi mübarizə tədbirləri həyata keçirilib. Hazırda mübarizə tədbirləri davam etdirilir.

 

Fermerlər və torpaq mülkiyyətçiləri əvvəlki illərdə kartof güvəsinə qarşı mübarizədə dövlət dəstəyinin olmaması nəticəsində külli miqdarda ziyana düşdüklərini bildiriblər.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR