Azərbaycan Hərbi Dəniz Qüvvələrinin sabiq komandanı Şahin Sultanov barəsində həbs qətimkan tədbiri seçilib - YENİLƏNİB - 1 - VİDEO

Azərbaycan Hərbi Dəniz Qüvvələrinin sabiq komandanı Şahin Sultanov barəsində həbs qətimkan tədbiri seçilib - <span style="color: red;">YENİLƏNİB - 1  - <span style="color: red;">VİDEO
# 23 aprel 2014 16:00 (UTC +04:00)

Bu barədə APA-ya Bakı Hərbi Məhkəməsindən bildirilib.

Məhkəmədən verilən məlumata görə, Ş. Sultanov Cinayət Məcəlləsinin 313-cü (vəzifə saxtakarlığı) və 179.3.2-cü (mənimsəmə - külli miqdarda törədildikdə) maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

Respublika Hərbi Prokurorluğunun mətbuat xidmətindən də APA-ya faktı təsdiqləyiblər.

***

saat 17.16

Bakı. Hafiz Heydərov - APA. Azərbaycan Müdafiə Nazirliyi Hərbi Dəniz Qüvvələrinin (HDQ) sabiq komandanı, vitse-admiral Şahin Sultanov Bakı Hərbi Məhkəməsinə aparılıb.

Yaxınlarının APA-ya verdiyi məlumata görə, Bakı Hərbi Məhkəməsində prokurorluğun Ş. Sultanovun barəsində həbs qətimkan tədbirinin seçilməsi ilə vəsatətinə baxılacaq.

***

saat 15.35

Bakı. Hafiz Heydərov – APA. Azərbaycan Müdafiə Nazirliyi Hərbi Dəniz Qüvvələrinin (HDQ) sabiq komandanı, vitse-admiral Şahin Sultanov tutulub.

Hərbi mənbələrdən APA-ya verilən məlumata görə, Ş. Sultanov Respublika Hərbi Prokurorluğunda başlanmış cinayət işi ilə əlaqədar şübhəli şəxs qismində saxlanılıb. O, Cinayət Məcəlləsinin 313-cü (vəzifə saxtakarlığı) və 179.3.2-cü (mənimsəmə - külli miqdarda törədildikdə) maddələri ilə təqsirli bilinir.

Xatırladaq ki, Hərbi Dəniz Qüvvələrinin komandanı, vitse-admiral Şahin Sultanov bu ilin martında prezident İlham Əliyevin sərəncamı ilə vəzifəsindən azad edilib.

Qeyd edək ki, APA bir müddət əvvəl Azərbaycan HDQ-də Hərbi Prokurorluq və Maliyyə Nazirliyinin iştirakı ilə kompleks yoxlamalar aparılması barədə məlumat yayıb.

Yoxlamalar HDQ-nin son 15 ildəki fəaliyyətini əhatə edir. Yoxlamaları aparan müstəntiqlər və Maliyyə Nazirliyinin nümayəndələri tərəfindən gəmi kapitanlarından ifadələr alınıb. Artıq ilkin araşdırma zamanı sabiq komandan, vitse-admiral Şahin Sultanovun komandan olduğu dövrdə külli miqdarda vəsaitin mənimsənilməsinə dair faktların ortaya çıxdığı bildirilir.

Eyni zamanda HDQ-nin bir neçə hərbi qulluqçusu saxlanılıb. Yoxlamalar zamanı gəmilərin təmiri, eləcə də təchizatla bağlı çoxlu sayda nöqsan aşkarlanıb. Məlumata görə, HDQ-də gəmilərin təmiri üçün ayrılan vəsaitin düzgün istifadə olunmaması, istismar dövrünü başa vuraraq istifadədən çıxarılmış gəmilərin HDQ-nin döyüş sıralarında göstərilərək, saxlanılması üçün büdcədən əlavə vəsaitin götürülməsi, gəmilərin rənglənməsi üçün saxta sənədlərlə yüz tonlarla boyanın alınması, təmir işlərinin gəmi kapitanlarının hesabına aparılması, HDQ-yə məxsus bəzi yaşayış və iaşə sahələrinin saxta sənədlərlə ayrı-ayrı adamların adına özəlləşdirilməsi və s. kimi faktlar üzə çıxıb.

Ş. Sultanovun həbsi barədə xəbər yayılması ilə bağlı bu gün səhər saatlarında qafqazinfo.az saytı da məlumat yayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR