Maksim Şevçenko: “İkinci Qarabağ müharibəsində Gəncəyə raketin atılması Xocalının davamı idi”

Maksim Şevçenko: “İkinci Qarabağ müharibəsində Gəncəyə raketin atılması Xocalının davamı idi”
# 28 fevral 2021 10:41 (UTC +04:00)

“Xocalı soyqırımını heç kəs unutmamalıdır. Biz bu faciənin baş vermə səbəbini anlamalıyıq. Bunun səbəbi Azərbaycan və erməni xalqı arasındakı münaqişə deyil. Azərbaycan İkinci Qarabağ müharibəsindəki qələbə ilə əslində erməni xalqını da azad etmiş oldu.

APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bunu rusiyalı jurnalist, ictimai xadim Maksim Şevçenko Moskvada Xocalı soyqırımı qurbanlarının anım gecəsində çıxışında bildirib.

M. Şevçenko deyib ki, ermənilər nə vaxtsa bunu anlayacaqlar: “Mənə elə gəlir ki, artıq anlamağa başlayıblar. Cənubi Qafqaz əməkdaşlıq zonası olmalıdır. İnsanlar müharibə etməməlidirlər. Düşünməməlidirlər ki, burada Strabon, Heredot dövründə kim yaşayıb. Onlar ticarət, həyatlarını yaxşılaşdırmaq haqqında düşünməlidirlər. Sərhədləri açmalıdırlar. Milliyyətçilikdən əl çəkməlidirlər”.

Rusiyalı jurnalist qeyd edib ki, İkinci Qarabağ müharibəsində Gəncəyə raketin atılması Xocalının davamı idi: “Mən bu hadisədən sonra Gəncədə, “Skad” raketlərinin düşdüyü yerdə oldum. Raketin atıldığı yerdə heç bir hərbi obyekt yox idi. Bu, dinc əhalini məhv etmək üçün atılmışdı. Bu raketi atanlarla Xocalını törədənlər eyni adamlardı. Gəncə terroru Xocalının davamı idi. Nə qədər ki, Rusiyada, Ermənistanda, Avropada, Qərbdə olan məlum milliyyətçi qüvvələr layiqli qiymətini almayacaq, bunun davam olacaq. Əziz azərbaycanlılar, biz Rusiya xalqının nümayəndələri, dünyanın sağlam düşüncəli insanları sizinləyik, nasimzə, rasizmə qarşı mübarizədə sizinləyik. Ona görə də, Xocalı yaddaşı sadəcə kədərli gün deyil, həm də bizim mübarizəmizin davam etməsidir. İkinci Qarabağ müharibəsi təkcə torpaqların işğaldan azad edilməsi, Xocalının qisası deyil, həm də vaxtı ilə babalarımızın vuruşduğu nasizmə qarşı müharibə idi. Təəssüflər olsun ki, biz bu gün Rusiyada ikili standartlı yanaşmanı görürük. Haqlı mövqeyi olan azərbaycanlı jurnalist işini itirir, lakin Azərbaycanı açıq təhqir edən deputat Vitali Milonov barəsində heç bir tədbir görülmür. Milonovun Azərbaycana münasibətdə nasist fikirlərinə Rusiya cəmiyyəti tərəfindən heç bir qiymət verilmədi”.

M.Şevçenko Xocalı faciəsinin nasistlərin törətdiyi hərbi cinayət olduğunu söyləyib: “Onlar bunu ərazinin etnik təmizlənməsi üçün etmişdilər. Bu cür cinayətlərə Nürnberq tribunalında baxılır. Xocalı cinayəti də öz qiymətini almalıdır. Hesab edirəm ki, beynəlxalq səviyyədə buna qiymət verilməlidir. Bu, azərbaycanlılarla ermənilər arasındakı məsələ deyil. Əminəm ki, bir çox ermənilər Xocalı faciəsinin detallarını biləndən sonra ona nifrətlə baxacaqlar. Düşünürəm ki, erməni xalqı Xocalıda nasistlərin törətdiklərini biləndən sonra həmin qüvvələrdən imtina edəcəklər. Ona görə də, nə qədər ki, Xocalının beynəlxalq səviyyədə tanınmasına nail olmamışıq, bu günü biz hər gün xatırlamalıyıq. Bu, ermənilərin əleyhinə, azərbaycanlıların xeyrinə deyil, bu, nasizmin əleyhinə, insanlığın və ədalətin lehinədir”.

Dağlıq Qarabağ

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR