Fərid Qayıbov: Elə məqamlar var ki, nazir kimi çox şeyi danışa bilmirəm - MÜSAHİBƏ

Fərid Qayıbov

© APA | Fərid Qayıbov

# 21 dekabr 2022 14:00 (UTC +04:00)

Gənclər və idman naziri, Avropa Gimnastikasının prezidenti, Azərbaycan Milli Olimpiya Komitəsinin vitse-prezidenti Fərid Qayıbovun APA-ya müsahibəsi

- Başa çatmaqda olan 2022-ci ili, həm də faktiki nazir kimi fəaliyyətinizin 1 ilini necə dəyərləndirmək olar?

- 2022-ci ilin idmanımız üçün yaxşı bir il olduğu qənaətindəyik. İdmançılarımız İslam Həmrəyliyi Oyunlarında uğurla iştirak etdilər, bir sıra yeni idman növlərində də idmançılarımız medallar qazandılar, ölkəmizdə də böyük idman yarışları keçirildi.

İdmançı üçün zirvə Olimpiya Oyunlarında qazandığı uğurlardır. Məqsədimiz 2024-cü ildə keçiriləcək Paris Yay Olimpiya Oyunlarında uğurlar qazanmaqdır. Koronavirus pandemiyası ilə əlaqədar sonuncu Olimpiya Oyunlarının 2021-ci ildə keçirildiyini nəzərə alsaq, bu, heç də asan olmayacaq, vaxtımız da azdır. Federasiyaların da rəhbərliyində dəyişikliklər oldu. Söhbət həm də yeni menecmentdən, idarəetmədən gedir. Ümumiyyətlə, koronavirusdan sonra federasiyalar öz işlərini layiqincə qura bilmişdilər. Növbəti ildə nəticələrimizin daha da yaxşı olacağını düşünürəm.

Ümumiyyətlə, nəzərə almaq lazımdır ki, koronavirus dünyanı dəyişdi, 2020-ci ildə birdən-birə hər sahədə onlayn qaydada fəaliyyətin təşkilinin şahidi olduq. Bu, bütün sahələr kimi idmana da təsir etdi. Biz indi də hazırlıqlarımız zamanı istənilən fors major halı nəzərə alırıq. Hazırda Rusiya, Ukrayna və Belarusla bağlı münaqişə dünyada bütün proseslərə, o cümlədən idman sahəsinə də təsir edir. Biz də bütün bunları nəzərə alaraq, düşünülmüş şəkildə islahatlar aparmağa çalışırıq.

Hesab edirəm ki, biz son 1 ildə bu işləri normal görə bilmişik. Görəcəyimiz işlər də çoxdur. Bunun üçün bir çox dəyişikliklərə ehtiyac var. Amma biz bu sahədə inqilab etməyə hazırlaşmırıq, bu islahatları pilə-pillə, düşünülmüş şəkildə aparacağıq.

- Problemlərdən danışdınız. Bütün bunların fonunda Avropa Oyunlarının gələcəyini necə görürsünüz?

- Avropa Oyunlarının gələcəyini yaxşı görmək istəyərdim. Mən 2013-cü ildə Avropa Gimnastika İttifaqının vitse-prezidenti seçiləndən danışıqlarda iştirak etmişəm. Bu gün nazir kimi fəxr edirəm ki, Birinci Avropa Oyunları məhz bizim ölkəmizdə çox yüksək səviyyədə keçirilib. Bu Oyunlardan bizə yaxşı miraslar - idman qurğuları, mütəxəssislər qalıb. Həm Avropa Oyunlarında, həm “Formula 1”də yetişən mütəxəssislər nəinki bu gün Azərbaycanda böyük miqyaslı tədbirlərin təşkilində çalışır, həm də Səudiyyə Ərəbistanında “Formula” yarışlarının və digər ölkələrdə böyük idman tədbirlərinin təşkilində iştirak edirlər. Qətərdə keçirilən futbol üzrə dünya çempionatında da çoxlu sayda mütəxəssislərimiz çalışdı.

Azərbaycandan sonra Avropa Oyunları Belarusda keçirildi, gələn il Polşada keçiriləcək. Məndə olan məlumata görə, Polşadan sonra növbəti Avropa Oyunlarının təşkilatçısının hansı ölkə olacağı artıq müəyyənləşib. Ancaq təəssüflər olsun ki, bunu açıqlaya bilmərəm, çünki bu, mənim səlahiyyətimdə deyil.

Təəssüflər olsun ki, bu dəfə gimnastika Polşada keçiriləcək Avropa Oyunlarının proqramında olmayacaq və bu, yaxşı hal deyil. Bu da Polşada müvafiq tələblərə cavab verən gimnastika zalının olmaması ilə bağlıdır. Bir neçə idman növü də bu dəfə Avropa Oyunlarında olmayacaq. Ancaq Avropa Oyunlarının proqramına daxil edilən yeni idman növləri, o cümlədən qeyri-Olimpiya idman növləri də var. İstərdim ki, təşkilatçılardan asılı olmayaraq müəyyən idman növləri daim Avropa Oyunlarının proqramında yer alsın. Çünki atletika, üzgüçülük kimi gimnastika da fundamental idman növlərindən biridir.

Avropa Çempionatları adlanan və 4 ildən bir keçirilən bir kommersiya layihəsi də var, iki dəfə baş tutub. İlk dəfə Qlazqoda keçirilib, bu il də Münhendə çox uğurla keçdi. Avropa Gimnastika İttifaqının prezidenti kimi proseslərdə aktiv iştirak etdiyim üçün bunu yaxşı bilirəm. Avropa Çempionatı bir neçə idman növünü özündə birləşdirən paralel, federasiyalar üçün uğurlu bir layihədir.

- Nazir kimi gənclər sahəsində görülən işləri necə qiymətləndirərdiniz?

- 14-29 yaş qrupu Azərbaycan əhalisinin ən azı 25 faizini əhatə edir, yəni əhalimizin 25 faizi gənclərdir. 300-dən artıq gənclər təşkilatımız var. Biz bu sahədə də müasirliyə doğru addımlar atmalıyıq və atırıq. Azərbaycan Prezidenti gənclər siyasətinə xüsusi diqqət ayırır. Bu il fevralın 2-də Gənclər Günündə Prezident İlham Əliyev gənclərlə görüşdü, onların suallarını cavablandırdı, gənclərimizə mesajlar verdi. Əsas mesajlardan biri odur ki, biz artıq qalib xalqın gəncləriyik və bundan sonra da qalibiyyətlərimiz davam edəcək.

Nazirlik gənclər təşkilatları ilə əməkdaşlıq edir. Bundan başqa, çoxlu sayda Gənclər evlərimiz var. Ancaq hələ ki bütün rayonlarımızda Gənclər Evi yoxdur. Gənclər Evi olmayan rayonlarda gənclərlə işi necə qurmaq barədə düşünürük.

Biz daim gənclərin problemləri ilə maraqlanır, müxtəlif rayonlarda gənclərlə, tələbələrlə görüşlər keçiririk. Elə bir ölkə yoxdur ki, hər şey ideal olsun və demək olmaz ki, bizdə də hər şey idealdır. İşsizlik, daxili miqrasiya, narkomaniya kimi problemlər də var. Biz çalışırıq ki, bu problemlər aradan qaldırılsın və layihələrimizi bu istiqamətlərə də yönəltməyə çalışırıq. Yeni reallaşdırdığımız “Yerli” layihəsi gənclərimizin İKT sahəsində inkişafına da dəstək olur. Artıq gənclərimiz “Yerli” layihəsi çərçivəsində əldə etdikləri bacarıqlarla işə düzəliblər, öz evlərindən internet üzərindən çalışmaqla müəyyən qazanc da əldə edə bilirlər. Bunlar kiçik addımlardır və biz bu addımları genişləndirməliyik. Nazirliyin digər layihələri də var.

- Gənclərin hərbi-vətənpərvərlik yönündə tərbiyəsi istiqamətində hansı işlər görülür?

- Bu il biz ilk dəfə dövlət başçısının tapşırığı ilə regionlarda yay düşərgələri keçirdik, indi artıq bir neçə qış düşərgəsini keçirməyə hazırıq. Əsasən region gənclərinin cəlb edildiyi yay düşərgələrində mən də iştirak etdim. Məsələn, Şəkidə Olimpiya Kompleksimizdə vətənpərvərlik mövzusunda böyük bir düşərgə keçirildi. Əməkdaşlarımız deyirdi ki, bu düşərgələrdən ən maraqlısı hərbi vətənpərvərliklə bağlı olanlardır. Başa düşə bilmirdim ki, nəyə görə məhz vətənpərvərlik?! Şəkidə bunu öz gözümlə gördüm. İlk növbədə qazilər və xüsusi təyinatlılardan ibarət təlimçilərimizə minnətdarlığımı bildirmək istəyirəm. Biz onlarla vətənpərvərlik mövzusunda bir neçə layihə həyata keçirdik. Eyni zamanda, Şəkidə Olimpiya Kompleksimizdə idman festivalı da keçirdik. İdman festivalında da hərbi vətənpərvərlik mövzusunu daxil etmişdik. Ustad dərslərindən ən maraqlısı da vətənpərvərlik mövzusunda olan ustad dərsləri idi. Biz sonra gənclərlə tonqal ətrafında söhbət etdik. Birincisi, 6 günün az olduğunu, belə layihələrin müddətinin daha çox olmasını, həm də Qarabağda təşkil olunmasını istədilər. Bir məqam da maraqlıdır ki, belə düşərgələr qızların daha çox xoşuna gəlmişdi. Qızlar dedilər ki, əsgərliyə getmirlər, bu düşərgə silahla davranışı öyrənmək üçün bir şans oldu. Bizim xüsusi təyinatlılar 5 gün ərzində gənclərimizə elə şeylər öyrətmişdilər ki, məəttəl qalmışdım.

- Yeri gəlmişkən, Şuşa-Xankəndi yolunda aksiyada gənclərin iştirakını necə qiymətləndirirsiniz?

- Həmin aksiyada gənclərimiz əksəriyyət təşkil edir. Bu gün gənclərimizin hər bir çağırışa hazır olduğunu görürük.

- 300-dən artıq gənclər təşkilatımızın olduğunu qeyd etdiniz. Nazirliyin gənclər təşkilatları üçün təşkil etdiyi qrant müsabiqələrində şəffaflığın təmin olunması üçün hansı addımlar atılıb və atılacaq?

- Qrant dövlətin gənclər təşkilatlarına dəstəyidir. Gənclər təşkilatlarının əsas maliyyələşməsi də o qrantlarla bağlıdır. Şəffaflığa gəlincə, həm idman, həm də qrantlarla bağlı müxtəlif yoxlamalar keçirmişik. Təbii ki, nöqsanlar da aşkar olunub və nöqsanlara yol verən əməkdaşlarımız işdən azad olunub. Biz çalışırıq ki, maksimum şəffaflığa nail olaq. Qanunsuz addım atanlar da qanun qarşısında cavab verəcəklər.

- Ölkəmizdə müəyyən yerli icra hakimiyyəti orqanlarında, nazirliklərdə müəyyən xoşagəlməz halların üzə çıxdığını da gördük.

- Təəssüflər olsun ki, belə hallar olub. Biz isə yoxlamalar keçirmişik və müəyyən nöqsanlar aşkarlanıb. Çalışırıq ki, belə hallar təkrarlanmasın.

- Yeri gəlmişkən, Hesablama Palatası tərəfindən Gənclər və İdman Nazirliyi və tabeliyində olan qurumlar (seçmə qaydada) tərəfindən dövlət vəsaitinin və digər dövlət əmlakının idarə olunmasının və istifadəsinin auditi zamanı məlum olmuşdu ki, nazirlik tərəfindən ictimai birliklər arasında qrant müsabiqələrinin mövzusu olan məsələlərin satınalma müqavilələri vasitəsilə icra edilməsi, o cümlədən ictimai birliklərlə də belə müqavilələr bağlanılması hallarına yol verilib. Belə hallara bir daha yol verilməməsi üçün hansı addımlar atılıb?

- Hansısa insan səhvləri ola bilər. Amma biz ümumi şəffaflıqdan danışırıqsa, burada Hesablama Palatasını gözləmək lazım deyil, biz Vətənimiz, dövlətimiz üçün çalışmalı, öz işimizi görməliyik. Şəkidə tonqal ətrafında gənclərlə söhbətimizdə də dediyimiz o idi ki, Vətən sizin üçün nədir, yalnız müharibədə iştirakdırmı? Vətənpərvərlik elə o deməkdir ki, Vətəninizə, dövlətinizə layiqincə qulluq edəsiniz. Şəffaflıq da onun bir hissəsi olmalıdır.

- Növbəti sualımız qış idman növləri ilə bağlıdır. Bu idman növləri üçün Azərbaycanda təbiət, iqlim baxımından yaxşı imkanlar var, amma təəssüf ki, infrastruktur baxımdan bunu demək olmaz. Bu idman növlərində Azərbaycan təmsilçiləri kimi əsasən əcnəbiləri cəlb edirik. Yaxın gələcəkdə Qəbələdə, Qusarda, Laçında, Kəlbəcərdə qış idman növlərinin inkişafı üçün infrastruktur yaradılması nəzərdə tutulurmu?

- Qusarda, Qəbələdə və Naxçıvanda belə komplekslər var. Düzdür, daha çox turizm məqsədi ilə istifadə olunur, ancaq həmin yerlərdə məşqlər də etmək olar. Biz müvafiq federasiya ilə danışmışıq, artıq bu işlərə başlayıblar, ilkin addımlar atılır.

Azərbaycanın cəlb etdiyi idmançılar ölkəmizdə şərait olmadığı üçün xaricdə məşq edirlər. Mən də ilk dəfə bu il Qış Olimpiya Oyunlarında iştirak etdim. Təbii ki, həm nazir, həm bir vətəndaş kimi qış idman növlərinin Azərbaycanda inkişaf etməsini istərdim. Biz hazırda bu barədə düşünürük. Danışıqlar gedir və ola bilsin ki, yeni ilin ilk aylarında Bakıda qapalı buz meydançası istifadəyə veriləcək.

- Siz qış idman növlərindən danışanda Naxçıvanı qeyd etdiniz. Biz son dövrlər güc strukturları ilə bərabər gömrük və digər sahələrin də idarəetməsində mərkəzləşmənin həyata keçirildiyini, Naxçıvandakı nazirliklərin ləğv edildiyini, baş idarə və digər statusda Azərbaycanın müvafiq nazirliklərinin birbaşa tabeliyinə verildiyini görürük. Gənclər və idman sahəsində belə mərkəzləşmə gözlənilirmi, nazirliyinizin belə təklifləri varmı?

- Mən bu il ərzində Naxçıvanda iki dəfə olmuşam. Naxçıvan Muxtar Respublikasının Gənclər və İdman Nazirliyi ilə çox aktiv çalışırıq, birlikdə bir neçə tədbir keçirmişik. Bu yaxınlarda Naxçıvanda çox yüksək səviyyədə Yeniyetmələrin Beynəlxalq Şahmat Olimpiadası çox yüksək səviyyədə keçirildi.

Ümumiyyətlə, Naxçıvanda idman qurğuları çoxdur. Naxçıvan idmançıları da aktivdirlər. Orada olarkən gənclərlə, idmançılarla görüşdük. Onların da bizə müəyyən iradları var ki, bir balaca uzaqda qalıblar. Məsələn, könüllülər deyirlər ki, beynəlxalq tədbirlər əsasən Bakıda keçirilir və həmin tədbirlərdə iştirak etmədikləri üçün inkişafları bir qədər çətin olur. Biz artıq Bakıda hansısa beynəlxalq tədbirlər keçiriləndə Naxçıvandan da könüllülər dəvət edirik. Çalışırıq ki, sırf əməkdaşlıq edək. Bu əməkdaşlıqda indiyə qədər heç bir sıxıntımız, problemimiz olmayıb. Düşünürəm ki, bundan sonra da digər rayonlarda olduğu kimi Naxçıvanda da ölkəmiz üçün bərabər çalışacağıq.

- Qış idman növləri, bu növlərdə Azərbaycanı əcnəbilərin təmsil etməsindən söz açdınız. Lakin xüsusən güləş, cüdo kimi növlərdə milli komandaya legionerlərin cəlb edilməsi cəmiyyətdə birmənalı qarşılanmır. Çünki bu idman növlərinin Azərbaycanda ənənəsi var. Bəzən əks arqument kimi ağır çəkili idmançılarımızın olmaması fikri səsləndirilir. Bəs nazir kimi Sizin bu məsələyə yanaşmanız necədir?

- Sizinlə razıyam ki, bizdə legionerlərin sayı çox idi və buna bir tələbat vardı. Çünki biz 31 ildir ki, müstəqilik və bu illər ərzində yeni idman növləri inkişaf etdirilməyə başlanılıb. Bu illər ərzində 100-ə qədər idman obyektimiz tikilib. Bu il biz Milli Olimpiya Komitəsinin 30 illiyini qeyd edirik və Azərbaycan Prezidenti 25 ildir ki, Milli Olimpiya Komitəsinə rəhbərlik edir. İdman obyektlərimiz, komplekslərimiz göz qabağındadır. Elə Su İdman Sarayına, Milli Gimnastika Arenası, Atıcılıq Mərkəzinə baxa bilərsiniz, bu arenalara dünyanın müxtəlif ölkələrindən daim təlim-məşq toplanışına gəlirlər. Çünki bunlar çox müasir və dünyada sayı az olan idman qurğularıdır. Bizim bütün regionlarda Olimpiya İdman komplekslərimiz var. Yəni idmançılar üçün şərait yaradılıb. İndi qalır mütəxəssislərin yetişdirilməsi ki, bu da ən vacib məsələdir. Sizin hər şeyiniz ola bilər, amma mütəxəssislərinizin olmaması sizi problemlərlə qarşı-qarşıya qoya bilər. Biz daim, 3 aydan bir federasiyalarla görüşürük. Daimi istiqamətlərimizdən biri həm məşqçilər, həm hakimlər, həm idman sahəsində çalışan digər mütəxəssislər üçün kursların keçirilməsidir. Məsələn, idman masajistlərinin sayı çox azdır, fizioterapevtlərin sayı kifayət qədər deyil. İdman psixoloqları barədə də eyni sözləri deyə bilərik. Belə çətinliklər olanda təbii ki, öyrənmək üçün xaricdən mütəxəssislər dəvət etməli, öyrənməliyik. Bizim mütəxəssislər də xaricə getməlidir. Amma mən tərəfdarıyam ki, xaricdən mütəxəssislər daha çox Azərbaycana gəlsin, onlardan daha çox öyrənə bilək.

Bizim bəzi mütəxəssislərimiz hesab edirlər ki, hər şeyi bilirlər və inkişaf etmək istəmirlər. Bu da üzləşdiyimiz başqa problemdir. Hamımız yaşımızdan, vəzifəmizdən, əldə etdiyimiz hansısa səviyyədən asılı olmayaraq, daim öyrənməli, inkişaf etməliyik. Mən özüm hər dəfə hansısa yarışa gedəndə nəsə öyrənirəm.

Nəzərə almaq lazımdır ki, bəzi idman növləri ölkəmiz üçün yeni idi. Azərbaycan idmanının sovetlər və müstəqillik dövrlərini müqayisə etsək, görərik ki, sovetlər dövründə SSRİ komandalarının tərkibində çoxlu sayda idmançılarımız Olimpiya Oyunlarında, dünya çempionatlarında medallar uğrunda mübarizə aparmayıb. Digər tərəfdən, 1990-cı illərdə olan mütəxəssislərimizin də bir çoxunun xaricə getməsi nəzərə alınmalıdır. Bunun üçün də bir çox federasiyalar legionerlərə üz tutdular ki, xaricdən idmançılar gəlsinlər və idmançılarımız onlardan öyrənsinlər.

Tutaq ki, gimnastikanı götürək. Sovetlər dövründə də bədii gimnastika olub. Lakin hətta müstəqillik tariximizə baxsaq, ən yaxşı yerlər 40-cı yerlər idi. Bu gün isə bədii gimnastlarımız dünya çempionatlarından medallarla qayıdırlar. Amma biz ilkin dövrdə legionerləri cəlb etmişdik. Bu idman növü populyar oldu, daha sonra regionlarda inkişaf etdi. Bu gün 25-dən artıq bölgəmizdə bədii gimnastika bölməmiz var. Bu, 2002-ci ildə Mehriban Əliyeva Gimnastika Federasiyasına prezident seçiləndən sonra baş verən prosesdir. Gimnastika Federasiyası yenidən qurulmasının 20 illiyini qeyd edir. 2002-ci ildə 3 gimnastika növü vardı, bu gün Azərbaycanda 9 gimnastika idman növünü inkişaf etdiririk. Bəzən istəyirik ki, 1 ilə, 5 ilə hər şeyimiz olsun. Ancaq buna vaxt və legionerlərdən düzgün istifadə etmək lazımdır. Əgər hər dəfə legioner gətirməyə öyrəşəcək və öz mütəxəssislərimizi yetişdirməyəcəyiksə, buna neqativ baxıram. Məsələn, bizə Avropa Oyunlarından batut gimnastikası miras qalıb. Bu idman növü ölkəmizdə Avropa Oyunlarından əvvəl inkişaf etdirilməyə başlandı. Bu idman növündə yaxşı tendensiya olduğunu görürük. İlk Avropa Oyunlarında Azərbaycanı bu sahədə legionerlər təmsil edirdi, hətta biri də medal qazanmışdı. İndi həmin legionerlər yoxdur, Azərbaycan idmançıları yetişir. Son 3 ilə baxsaq, bu idman növündə 2-3 idmançı qızıl medallar qazanır. İnşallah, nəticələr yaxşı da olacaq. Ona görə də biz legionerlərdən süni istifadə etsək, hansısa nəticələr əldə etməyə, hansısa federasiyanın bununla işini qabartmağa çalışsaq, təbii ki, neqativ hal olar. Amma biz legionerlərdən düzgün istifadə etsək və onları düzgün yönləndirsək, yaxşı nəticələr əldə edə bilərik.

Onu da qeyd edim ki, bizim ağır çəki ilə bağlı bütün idman növlərində problemlərimiz var, bu, sirr deyil. Bütün federasiyalar bu barədə danışırlar. Biz indi bütün rayonlara gedirik, görürük ki, yaxşı uşaqlar var. O gün bir uşaq gördüm, kifayət qədər çəkili bir uşaq idi. Hətta federasiyanın birinə zəng vurdum ki, bunu tez rayondan götürüb gətirin, bizim milli komandaya ağır çəkililər lazımdır.

Düşünürəm ki, mərhələ-mərhələ bu işləri görəcəyik. Biz bu gün nazirlik olaraq bütün federasiyalarda legionerlərin sayının azalmasına çalışırıq.

- Yeri gəlmişkən, digər ölkələri təmsil edən azərbaycanlı idmançılar var. Məsələn, yüngül atlet Ramil Quliyev Türkiyəni, Cessika və Cenifer Qədirova bacıları Böyük Britaniyanı, boksçu Pərviz Nəsibov Ukraynanı, ağırlıqqaldıran Nicat Rəhimov Qazaxıstanı təmsil edir. Bu idmançıların Azərbaycan bayrağı altında mübarizə aparması üçün hansısa təşəbbüs varmı?

- Xeyr, belə təşəbbüs yoxdur. Ramil Quliyev idmançı kimi Azərbaycanda yetişib, sonradan Türkiyəni təmsil edib. Həm də idmançı kimi artıq kifayət qədər cavan da deyil. Qeyd etdiyiniz digər idmançılar Azərbaycanda anadan olmayıb, ölkəmizdə yetişməyiblər. Digər ölkənin idman məktəbində yetişiblər. Onlar həmin ölkələrin vətəndaşlarıdır, Azərbaycan bayrağı altında çıxış etmək istəklərini də bildirməyiblər. Bu yaxınlarda Cessika, Cenifer və ataları Bakıya gəlmişdilər. Cessika və Cenifer ilk dəfə Azərbaycana gəlmişdilər, buna qədər ölkəmizdə olmamışdılar. Biz onları dəvət edərək Azərbaycan haqqında məlumat veririk. Amma onlar hazırda Böyük Britaniyanın vətəndaşlarıdır və o ölkənin idmançılarıdırlar. Çalışacağıq ki, bütün idman növlərində məktəblərimiz güclənsin və idmançılarımız yetişsinlər.

Bizim xarici ölkələrdə çalışan məşqçilərimiz də var. Bu da normal bir haldır. Bu o deməkdir ki, belə məktəblərimiz var. Hər bir idman növündə mütəxəssislərimizin sayının çox olmasını istəyərdik. Yeri gəlmişkən, qardaş Türkiyəyə baxsaq, onların da xaricdən gələn çoxlu sayda idmançıları var. Hətta qış idman növləri kifayət qədər populyar olan Rusiyada keçirilən Qış Olimpiya Oyunlarında legioner idmançılar vardı. Bu da komanda hesabında hansısa nəticə əldə etmək baxımından ölkə üçün vacib idi.

Əsas məqsədimiz idman məktəblərimizin güclənməsidir və bunun üçün çoxlu işlər görməliyik. Razıyam ki, bu gün bunlar istədiyimiz səviyyədə deyil. Bunun üçün də mütəxəssislərimiz olmalıdır.

Yeri gəlmişkən, 24, 25 və 26 dekabr tarixlərində yeni bir layihəmiz start götürəcək. Bu, “Birlikdə üzək” layihəsidir. Birdən-birə ölkənin 30 hovuzunda yarım saat ərzində üzməyi bacaran və istəyi olan hər bir vətəndaş yarım saat ərzində üzə bilər. Bu qış da Olimpiya İdman komplekslərimiz, hovuzlarımız fəaliyyətdə olacaq. İstərdik ki, bu idman növü ölkəmizdə inkişaf etsin. Dənizimiz, saylarımız, göllərimiz var, amma üzgüçülərimizin sayı bir o qədər çox deyil. Halbuki bu il bizim üzgüçülükdə ilk dəfə yeniyetmələr arasında Avropa çempionatında medalımız oldu. Bu, yaxşı bir nəticədir. Amma istəyərdik ki, bu nəticələr daha da çoxalsın. Bunun üçün milli komandada işləmək üçün xaricdən məşqçi də dəvət olunub. Su İdman Sarayımız, hovuzlarımız var, istifadə etmək lazımdır. Təəssüf ki, bir çox vətəndaşlarımız düşünür ki, qışda hovuza getmək qorxuludur və xəstələnmək qorxusu var. Halbuki hovuzlarımızda su kifayət qədər istidir. İsti geyindirərək uşaqları hovuzlara gətirmək lazımdır. Çünki bu, sağlamlıqdır. Bizim rayonlarda üzgüçülərimiz yetişməlidir.

Onu da deyim ki, bu sahədə mütəxəssislərin çatışmazlığı da vardı. Bu ildən Üzgüçülük Federasiyası iki dəfə məşqçilik kursları keçirir, rayonlardan məşqçiləri bu kursa dəvət edir ki, məşqçi kimi inkişaf edə bilsinlər. Eyni zamanda, tədbirlər keçiririk. Bu il ilk dəfə açıq su tədbiri keçirdik. Həm xanımlar, həm kişilərimiz vardı, yayda Pirallahıda yarım kilometr açıq suda üzdülər. Bununla da kifayətlənmədik, Mingəçevirə getdik və Kürü üzüb keçdilər. Belə tədbirlər çox olmalıdır ki, əhalini kütləvi idmana cəlb edək.

Biz rayonlarda həftə sonu 3 km, 5 km məsafədə qaçış yarışları təşkil etdik. Nazirlik iki dəfə Zəfər Gününə həsr olunmuş qaçış tədbirləri keçirib. Keçən il Zəfər Günündə qaçış məsafəsini 5 km etmişdiksə, bu il 10 km etdik. 3, 5 və 10 km olmaqla məsafələr müəyyən edilmişdi. Yəni kim qaça bilirsə, 3 km, 5 km-də, yaxud kim istəsə 10 km məsafəni qaçaraq finişə çıxa bilərdi. İnanılmaz idi ki, əksəriyyət 10 km qaçdı. Bu, 1 il ərzində qaçışların nəticəsidir ki, insanlar artıq 10 km məsafəni rahat qaça bilirlər. Həmin gün yağış, külək vardı, amma Zəfər Günümüzü qeyd edirdik və kifayət qədər idmançı, idman həvəskar gəlmişdi və minə yaxın iştirakçımız oldu.

Eyni zamanda, hər il Heydər Əliyev Fondu yarımarafon təşkil edir, orada da iştirak edənlərin, o cümlədən bu sahədə klubların sayı artıb. Bir çox həvəskarlarımız artıq xaricə gedib marafonları qaçırlar. Bu yaxınlarda İspaniyada, Fransada marafonlardan qayıdanlar vardı. Bir ay öncə Türkiyədə marafonda da iştirak etmişdilər. Ümumiyyətlə, belə bir qrup yaranıb və bu qrupun iştirakçıları artır. Yəni biz görürük ki, kütləviliyi artırmaq mümkündür. Bunun üçün çoxlu işlər görmək lazımdır. Amma təkcə nazirlik bu işi görə bilməz. Onun üçün biz federasiyalarla çalışırıq ki, klubların sayı artsın. Yerli icra orqanlarından da çox şey asılıdır. Bir çox ölkələrdə bu işləri yerli icra hakimiyyətləri orqanları edirlər. Biz şəhər və rayon icra hakimiyyətləri ilə bu sahədə əməkdaşlıq edirik.

- Ümumilikdə rayonlarda idmanın inkişafı üçün hansı addımlar atılır?

- Bu il bir çox federasiyalardan da xahiş etdik ki, tədbirlərini rayonlarda keçirsinlər, rayonlara mütəxəssislər göndərsinlər ki, yerli mütəxəssislər yetişsin, həmin idman növü rayonlarda da inkişaf etsin.

Bəzən deyirlər ki, pullu, yaxud pulsuz idman növü… Amma Bakıda olduğu kimi, hər bir rayonda da qeyri-olimpiya idman növlərinin əksəriyyəti pulludur, yəni məşqçilər hansısa zalı icarəyə götürür, maaşlarını düşünərək bu işlə məşğul olurlar. Bu da qeyri-olimpiya idman növləri üçün normal bir haldır. Amma bizim Olimpiya İdman Komplekslərimizdə əksər idman növləri pulsuzdur.

- “Heydər Əliyev İli” ilə bağlı hansı tədbirlərin keçirilməsi nəzərdə tutulub?

- “Heydər Əliyev İli” çərçivəsində həm idman tədbirləri, həm də gənclər üçün tədbirlər olacaq. Həmin tədbirlərdən birinə artıq start verərək dövlət qurumları arasında futbol yarışları keçiririk. 52 dövlət qurumu bu futbol yarışında iştirak edir. Hər şənbə, bazar bir tur keçirilir, əməlli bir futbol yarışı alınıb. Dövlət qurumları buna çox ciddi yanaşırlar, hər həftə rəhbərlər səviyyəsində zəng alıram ki, bəs filan oyunda belə oldu. Bu, aktivlikdən irəli gəlir. Biz də görürük ki, belə yarışa ehtiyac var imiş və bundan sonra da bu istiqamətdə layihələrimizi genişləndirəcəyik.

- Beynəlxalq yarışlarda uğur qazanmış idmançılar üçün mükafatların ödəniş sistemində müəyyən dəyişikliklər oldu və bu, bəzi idmançılarda narazılıqlar yaratdı. Bəzi idmançılar bildirir ki, yaşla bağlı problem ola bilər, artıq karyeralarını başa vurublar, yerdə qalan məbləği nə vaxt alacaqlar?! Bəziləri də dedilər ki, bu ödəmə sistemi legionerlərə tətbiq edilsə, daha yaxşı olar, çünki legionerlərin mükafatdan sonra idmandan soyuyub getmək ehtimalı daha çoxdur. Bu sistemdə yenidən dəyişiklik nəzərdə tutulub, yoxsa olduğu kimi davam edəcək?

- Bunun özü ilk dəfə tətbiq olunan yenilikdir. Çünki bir çox federasiyalar narahatlıqlarını bildirirdilər ki, idmançılarımız birdən-birə yaxşı məbləğdə mükafat aldıqdan sonra idmandan uzaqlaşırlar. Bir məşqçi, federasiya üçün bir idmançı yetişdirmək uzun bir prosesdir. Amma Avropa, dünya çempionatları, lisenziya xarakterli yarışlar sizi gözləmir. Ona görə idmançı başa düşməlidir ki, onun karyerası məşqçi və federasiya ilə razılaşdırılmış bir şəkildə bitməlidir. Bəzən idmançıların valideynləri gəlir ki, artıq ali təhsil almaq üçün oxumağa qərar vermişik. Axı bu idmançıya əmək sərf olunub, birdən-birə bu qərarı vermək düzgün deyil axı!

İslam Həmrəyliyi Oyunları ilə bağlı qərar verildi ki, Olimpiya Oyunlarına qədər mükafatlar müəyyən faiz dərəcəsi ilə 3 yerə bölünsün. Bəzi hallar var, ancaq bir nazir kimi çox şeyləri danışa bilmirəm.

Yeri gəlmişkən, artıq legionerlərin məşqçilərinə mükafatlar verilmir. Çünki legionerin məşqçisi xaricdədir, Azərbaycanda şəxsi məşqçisi yoxdur.

Yaşlı idmançılara gəlincə, bilmirəm ki, bunu hansı idmançılar deyir. Bununla bağlı müraciətlər çox daxil olmamışdı. İndi bəzi insanlar bunu daha çox sosial şəbəkədə yazırlar, amma biz həmin idmançıları görmək istəyərdik. Kim istəyir, gəlsinlər, onlarla danışaq. Güləşdə bir-iki idmançı vardı, onlarla danışdıq, başa saldıq ki, bu, elə deyil. Əgər siz idman karyeranızı bitirirsinizsə, bütün məbləği alacaqsınız, amma onun da şərtləri var. Bu, tam şəffaf qaydalardır, həm idmançılara, həm məşqçilərə, həm federasiyalara sərf edir. İlk dəfə olaraq bizim hakimlərimiz də, idman həkimlərimiz də, idman menecerləri də mükafat alacaqlar. Heç kim də heç kimlə mükafatı bölüşmək haqqında söhbətlər aparmayacaq.

- Federasiyalardan söz düşmüşkən, Hesablama Palatasının apardığı audit zamanı məlum olmuşdu ki, nazirlik tərəfindən xarici ölkələrdə təlim-məşq toplantıları və müxtəlif yarışlarda, həmçinin Tokio-2020 Olimpiya Oyunlarında iştirakla bağlı, eləcə də müvafiq müraciətlər əsasında federasiyalara ayrılmış vəsaitlər üzərində inzibatçılıq demək olar ki, tətbiq edilməyib, vəsaitlərin istifadəsi ilə bağlı hesabatlılıq təmin olunmayıb. Növbəti Olimpiya Oyunlarında belə halların təkrarlanmaması üçün hansı işlər görülür? Belə halların qarşısının alınması üçün hansı addımlar atılır ki, görülən uğurlu işlərə kölgə düşməsin?

- Mənim sizin son cümləniz çox xoşuma gəldi - görülən uğurlu işlərə kölgə düşməsin. Bizim əsas işlərimiz idmançıların hazırlığıdır. Hansısa məsələlərə gəlincə, təbii ki, iradlar var və həmin iradlar nəzərə alınacaq. Bu, işdir, iş olan yerdə problemlər də, səhvlər də olur. Gərək siz heç nə etməyəsiniz ki, səhviniz də olmasın. Əsas odur ki, şəffaflıq olsun, maliyyə pozuntuları olmasın. Əsas məqsədimiz federasiyaları düzgün istiqamətləndirmək, milli komandalarla bağlı işi düzgün qurmaqdır ki, idmançılarımızın kifayət qədər yaxşı çıxışını təmin edək. Bu iradları, nöqsanları da çalışıb aradan qaldıracağıq.

- Azad edilmiş ərazilərdə idman yarışlarının təşkili mövzusunda da suallarımız olacaq. Azad edilmiş ərazilərdən Suqovuşanda avarçəkmə yarışı keçirilmişdi. Azad edilmiş ərazilərdə yenidən belə yarışların keçirilməsi planlaşdırılırmı?

- Şuşada velosiped, şahmat yarışları keçirildi. İnşallah, şahmat yarışı davam edəcək, velosiped yarışının da davam etdirilməsini düşünürük. Suqovuşana gəlincə, Azərbaycan Kanoe və Avarçəkmə Federasiyası bu il ərzində Suqovuşanda iki avarçəkmə yarışı keçirdi. İlk yarışa 4 ölkə gəlmişdisə, 5 ay sonra ikinci yarışa 12 ölkə gəldi. Bu da onu göstərir ki, yarışlar yüksək səviyyədə keçirilir, ölkələrin federasiyaları bir-biri ilə danışır və digər ölkələrin idmançıları da bu yarışlara gəlirlər. Azərbaycan Kanoe və Avarçəkmə Federasiyası çox ambisiyalı federasiyadır, onlar bununla kifayətlənməyəcəklər, bu ənənəni davam etdirəcəklər, növbəti illərdə ölkələrin də sayı artacaq. Yarışın formatını da inkişaf etdirəcəyik.

Məsafəni nəzərə alaraq, bəzi yarışları Suqovuşanda keçirmək imkanımız yoxdur, digər yarışlar Mingəçevirdə keçirilir. Suqovuşan və Mingəçevir arasında məsafə uzaq deyil. Digər tərəfdən, Suqovuşan yaxınlığında Tərtərdə müasir Olimpiya İdman Kompleksimiz var, orada iştirakçılar qala da bilirlər. Azad edilmiş ərazilərin inkişaf layihəsinə uyğun olaraq biz də layihələrimizlə prosesdə iştirak etməyə çalışacağıq.

- “Formula 1” yarışları barədə də bir məqama aydınlıq gətirməyinizi istərdim. Müqaviləyə əsasən, sonuncu yarış 2023-cü ildə keçiriləcək. Yeni müqavilənin imzalanması ilə bağlı danışıqlar aparılırmı, bu barədə məlumat verə bilərsinizmi?

- Xeyr. Bu barədə məlumatım yoxdur.

- Gimnastika üzrə Azərbaycanda növbəti beynəlxalq yarışların keçirilməsi nəzərdə tutulurmu?

- Milli Gimnastika Arenasında gimnastika üzrə komandalar eyni vaxtda məşq edir, həm də Arenada müxtəlif yerli və beynəlxalq tədbirlər keçirilir. O qədər zallar tikilib, belə tədbirlərin çoxsaylı olması yaxşıdır. Həm zallar istifadəsiz qalmır, bu, həmin idman növlərinin təbliğatıdır, həm də beynəlxalq yarışlar iqtisadiyyatımıza da töhfədir.

Gimnastika üzrə 3 idman növü ilə bağlı ənənəvi dünya kubokları var, bu idman növlərinin üçü də Olimpiya idman növləridir. Bu idman növləri ilə bağlı Milli Gimnastika Arenasında dünya kubokları hər il keçirilir və ildən ilə də onların sayı artır. 40-a yaxın ölkə hər dəfə dünya kuboklarında iştirak edirlər.

O cümlədən müxtəlif gimnastika növlərində Avropa və dünya çempionatları keçirilir. Növbəti ildə də bədii gimnastika üzrə Avropa Çempionatı və qeyd etdiyimiz idman növü üzrə dünya kubokları olacaq. Bu, Federasiya üçün təbliğat baxımından əlverişli tədbirlərdir. Həm Milli Gimnastika Arenasının fəaliyyəti dayanmır, həm də xaricdən gələn iştirakçılar yol, yemək, otel xərclərini özləri ödəyirlər. 40-a yaxın ölkənin təmsilçiləri ölkəmizə gəlir, ölkəmiz, idmanımız təbliğ olunur, azarkeşlərin ulduzları görmək imkanı olur.

Mən istərdim ki, yarışlar zamanı bütün arenalar azarkeşlərlə dolu olsun. Bu, gözəl bir şansdır ki, övladlarınızı götürüb arenalara gələsiniz. Elə olur ki, həftədə iki yarış keçirilir. Məsələn, bu yaxınlarda Bakıya dünyanın ən güclü cüdoçuları gəlmişdi. Eyni zamanda, həm Bakıda, həm rayonlarda minlərlə cüdoçumuz var. Valideynlər bu idman növləri ilə məşğul olan uşaqlarını niyə ən yaxşı idmançıların yarışlarına baxmağa gətirmək istəmirlər? Fotoşəkillərdən zallarda yerlər görünür. Paralel güləş yarışı keçirilirdi, bir balaca güləşə baxmağa gələnlərin sayı çox idi. Adətən, bu yarışlar şənbə, bazar günləri keçirilir və biz övladlarımızı götürərək bu yarışlara getməliyik. Bulvara da, kinoya da getmək lazımdır, amma belə yarışlar keçiriləndə bu yarışlara da getmək lazımdır. Biletlərin də qiyməti elə yüksək deyil, qiymətlər hamı üçün əlçatandır.

Məsələn, Parisdə idman gimnastikası üzrə ənənəvi dünya kubokunun keçirildiyi məkanda Siz tədbir keçirmək üçün gərək 1 il əvvəl vaxtınızı razılaşdırasınız. Təəssüflər ki, bizim arenalarımızda vəziyyət hələ elə deyil. İstərdim ki, ölkəmizdə tədbirlərin sayı çox olsun, arenalarımız heç vaxt boş qalmasın və biz 1 il əvvəl sifarişlər qəbul edək.

- Bəs azarkeş kimi Azərbaycan futbolunun vəziyyəti kimi nə deyə bilərsiniz?

- İstəyərdik ki, futbolçularımız daha yaxşı oynasın, ancaq vəziyyətimiz gördüyünüz kimidir. Milli komanda son oyunlarını yaxşı oynadı. Fakt odur ki, biz indiyə qədər heç bir irimiqyaslı yarışda – Avropa və dünya çempionatının seçmə mərhələsində yaxşı nəticə göstərməmişik. Digər fakt odur ki, çempionatımızda klubların sayı çox deyil. Klubların sayı çox olmalıdır. Tək futbol deyil, həndbolun, voleybolun vəziyyətinə baxsaq, klublar inkişaf etməsə, milli komanda üzvlərini haradan seçsin? Klubların sayını 2 klub artırdılar, birinci dəstəyə bir balaca dəyişikliklər oldu. Yenə də bu sahədə güclü islahatlar lazımdır. Bunun üçün iş adamlarını, şirkətləri cəlb etmək lazımdır ki, yeni futbol klubları açılsın. Çünki futbola məşğul olan uşaqlar var, müəyyən yaşa gəlib çatırlar, klubların sayı az olduğundan hamısını götürə bilmirlər.

Son illərə baxsaq, ən yaxşı futbol klubu “Qarabağ”, ən yaxşı məşqçi Qurban Qurbanovdur. Xalq, media görür ki, nəticələr var. “Qarabağ” oynayanda görürsən ki, meydanda 4-5 azərbaycanlı futbolçu var. Bu futbolçular da milli komandaya cəlb edilirlər. “Neftçi” də Avropa kuboklarında bəzən yaxşı oynayır, həmişə yaxşı oynamasını istəyərdik. “Neftçi” də “Qarabağ” səviyyəsinə gəlib çatsa, bilsək ki, hər il stabil oynayacaqlar, heyətdə daha çox azərbaycanlı olacaq, çox yaxşı olar. Bu il “Sabah” klubu yaxşı nəticələr göstərir. Belə klublar yaxşı oynasa, inkişaf etsələr, belə klubların hər birindən 2 futbolçunu milli komandaya cəlb edə bilsək, artıq bizim yaxşı milli komandamız formalaşa bilər. Xaricdə isə futbolçularımızın sayı azdır, yalnız Mahir Emreli xaricdə oynayır. O da təəssüf ki, son oyunlar əsas heyətə düşə bilmir. Ümid edək ki, yaxın gələcəkdə əsas heyətə düşəcək.

Yəni pessimist baxmaq lazım deyil. Hamımız, həm klublar, həm federasiya birgə çalışsaq, nəticə olacaq. Nazirlik də mümkün olduğu qədər dəstək verir. “Qarabağ”ın oyununa baxsaq, azarkeşlər stadionu doldururlar. Derbilərə də azarkeşlər gəlir. Azarkeşlər oyun istəyir, bunu gözləyirlər.

İstəyərdim ki, klubların da marketinq siyasəti bir az inkişaf etsin. Həm də istəyərdim ki, azarkeşlər stadionlara gələndə azarkeşlik etdikləri komandanın köynəkləri ilə gəlsinlər. Köynək, bilet alaraq komandalarına dəstək olsunlar və bu maliyyə dəstəyi ilə komandalar nələrsə edə bilərlər.

- Nazirlik jurnalistlər arasında futbol yarışının da təşkil edilməsini nəzərdə tuturmu?

- Təklif verin, təşkil edək. Biz federasiyalar arasında Zəfər Gününə həsr olunmuş futbol yarışı təşkil edirik, iki həftəyə qədər davam edir. İkinci il dalbadal Güləş Federasiyası finala çıxmışdı və o komandada Olimpiya, dünya çempionları oynayır. Keçən il onlar finalda uduzdular. Bu il yenə də finalda idilər, Taekvando Federasiyasının komandası ilə qarşılaşmışdılar. Çox yaxşı bir mübarizə gedirdi. O qədər maraqlı idi ki, dedik, gərək bu oyun televiziyada nümayiş olunaydı. Biz jurnalistlər arasında da belə yarışın keçirilməsini dəstəkləyərdik. Bunu jurnalistlərlə bağlı hansısa günə həsr edə, müəyyən formatda keçirə bilərik. Peşəkar futbolçularla çətin olar, veteran futbolçularla jurnalistlər arasında da bir oyun təşkil etmək olar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR